Modern.az

Azərbaycan aviasiya elminin memarı bu gün doğulub

Azərbaycan aviasiya elminin memarı bu gün doğulub

Aktual

15 Fevral 2026, 09:24

Fevralın 15-i akademik, Əməkdar elm xadimi, Arif Paşayevin doğum günüdür.

 

Modern.az xəbər verir ki, alim 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

 

O, 1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin dövrdən yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üçün cihazların hazırlanması, maşınqayırma məmulatlarının yoxlanılmasında burulğan cərəyanlarından istifadə edən qurğuların yaradılması, eləcə də mikrominiatür dəqiq çeviricilərin istehsalı istiqamətində mühüm nailiyyətlər əldə edib. Onun hazırladığı qurğular dünyanın müxtəlif elm mərkəzlərində, gəmiqayırma və maşınqayırma sənayesində, hərbi istehsalatda və digər sahələrdə uğurla tətbiq olunur.

 

Elmi fəaliyyətini ardıcıl şəkildə davam etdirən alim 1978-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

 

Əməkdar elm xadimi Arif Paşayevin doğum günüdür

 

Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

 

Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. VEKTOR - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olub və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilib.

 

Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə "Şöhrət" ordeninə layiq görülüb.

 

Əməkdar elm xadimi Arif Paşayevin doğum günüdür

 

O, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür.

 

Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik edib. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirib, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak edib.

 

Əməkdar elm xadimi 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?