ABŞ Suriyanı Çin telekommunikasiya sistemlərindən imtina etməyə çağırıb.
Modern.az xəbər verir ki, ABŞ administrasiyası Suriyanın telekommunikasiya sektorunda Çin texnologiyalarına güvənməsinin Vaşinqtonun maraqları və milli təhlükəsizliyi ilə ziddiyyət təşkil etdiyini bildirib.
Bu mesaj ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Suriyanın rabitə naziri Əbdülsalam Haykal arasında San-Fransiskoda keçirilən görüşdə çatdırılıb.
Vaşinqton 2024-cü ildən, prezident Əhməd əl-Şaraanın Bəşər Əsədi devirməsindən sonra Dəməşqlə sıx əlaqələndirmə aparır. Bildirilir ki, Suriya mobil qüllələr və internet infrastrukturunun yenilənməsi üçün Çin texnologiyalarının alınması imkanını nəzərdən keçirir.
ABŞ tərəfi Suriyanı telekommunikasiya sahəsində Amerika və ya müttəfiq ölkələrin texnologiyalarından istifadə etməyə çağırıb. Rəsmi Vaşinqton Çin şirkətlərinin məlumat təhlükəsizliyi ilə bağlı risklər yarada biləcəyini vurğulayıb. Çin isə bu iddiaları dəfələrlə rədd edib.
Qeyd edək ki, Suriyanın telekommunikasiya infrastrukturu uzun illərdir tətbiq olunan ABŞ sanksiyalarına görə əsasən Çin texnologiyalarına söykənir və bazarda xüsusilə Huawei avadanlıqları üstünlük təşkil edir. (Reuters)