“Federasiyalar adından bir problemi diqqətə çatdırmaq istəyirəm. Müəyyən yaşa qədər idmançılar sistemdə qalır, lakin 17 yaşdan sonra, məktəbi bitirdikdə bir qismi ali məktəbə qəbul olunub təhsilini davam etdirir, digər qismi isə hərbi xidmətə yollanır. Halbuki dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüş zamanı Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov deyib.
O qeyd edib ki, həmin idmançıları 17 yaşdan sonra itirirmiş olurlar:
“Dünya və Avropa çempionatında fərdi idman növlərində hər çəki dərəcəsində əsasən bir idmançı iştirak edir. Nəticə qazanan idmançı, adətən, imtiyazla Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunur, lakin digər perspektivli atletlər sistemdən kənarda qalır. Onlar hərbi xidmətə getdikdə isə biz faktiki olaraq həmin idmançını itirmiş oluruq. Bu da peşəkar idmanda rəqabətin zəifləməsinə, ardıcıl nəsil dəyişiminin pozulmasına gətirib çıxarır”.
“Nəticədə bəzi federasiyalar, xüsusilə nəticə verən aparıcı federasiyalar, məcbur qalaraq legioner idmançılara müraciət edirlər. Bu məsələ qanunvericiliklə müəyyən meyarlar və limitlər çərçivəsində tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış mexanizm qurulsa, daha səmərəli nəticə əldə etmək olar”.
“Biz deyirik ki, təhsildə idman olmalıdır – bu, mütləqdir. Amma eyni zamanda idmanda da təhsil olmalıdır”- o sonda qeyd edib.