Modern.az

Bakının balıq bazarında qiymət kəllə-çarxa qalxdı - SƏBƏB 

Bakının balıq bazarında qiymət kəllə-çarxa qalxdı - SƏBƏB 

Aktual

Bu gün, 12:32

İrandan Azərbaycana idxal olunan ərzaq mallarının qiyməti qalxıb. Bahalaşma İrandan gətirilən balıq məhsullarında da özünü göstərir.

Digər tərəfdən, mart ayı və bayram ərəfəsi Azərbaycanda balıq məhsullarına tələbatın ən çox artdığı dövrlərdən biri hesab olunur. Bu da balıq bazarına təsirsiz ötüşməyib. 

Hazırda Bakı bazarlarında satılan balıqların qiymətində əvvəlki günlərlə müqayisədə ən azı 4-5 manat artım müşahidə olunur. Məsələn, bir həftə əvvəl 12-13 manata satılan forel balığı indi 18-20 manata təklif olunur. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, son günlərə qədər İranla Azərbaycan arasında balıq və digər dəniz məhsullarının idxalında müəyyən sabitlik müşahidə olunurdu. Lakin baş verən məlum hadisələrdən sonra bu proses faktiki olaraq dayandırılıb və hazırda İrandan Azərbaycana dəniz məhsulları gətirilmir.

Onun sözlərinə görə, bu vəziyyət balıq bazarında müəyyən qiymət artımına səbəb olub:

“İranla Azərbaycan arasında idxal olunan ət məhsulları sırasında balıq və balıq konservləri mühüm yer tutur. Bu məhsulların ölkəyə gətirilməsinin dayanması bazarda müəyyən qiymət artımına səbəb olur. Bu, xoşagələn hal deyil, amma son dövrlər ümumilikdə dünyada logistik zəncirlərdə problemlər yaranıb. Təkcə İranla bağlı deyil, xaricdən gətirilən bir çox məhsul üzrə daşınma xərcləri artıb və bu da öz növbəsində qiymətlərə təsir edir”.

Ə.Əliyev qeyd edib ki, mart ayında və bayram ərəfəsində Azərbaycanda balıq məhsullarına tələbat ənənəvi olaraq artır: 

“Adətən bu dövrdə İrandan Azərbaycana müxtəlif balıq növləri gətirilirdi. Xüsusilə nərə cinsli balıqlar, çəkikimilər, kütüm balıqları, forel, digər balıq məhsulları və iri krevetkalar idxal olunurdu. Hazırda həmin məhsulların gətirilməsində müəyyən çətinliklər yaranıb. Ona görə də bazarda müəyyən qiymət artımı müşahidə oluna bilər. Proqnozlara gəlincə isə onu söyləyə bilərəm ki, bu vəziyyətin azı mart ayının sonuna qədər davam edəcəyi ehtimal olunur”.

O əlavə edib ki, hətta gərginlik aradan qalxsa belə, bayram ərəfəsində bazarda qiymətlərin artması əvvəlki illərdə də müşahidə olunan tendensiyadır:

“Adətən mart ayının sonuna doğru həm yerli, həm də xaricdən, xüsusilə də İrandan gətirilən balıq məhsullarında qiymət artımı baş verir. Bu, bazarda əsasən tələbatın artması ilə əlaqəlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...