“İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2026-cı ilin 10 mart tarixinədək Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 256 204 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. 41 056 ədəd piyada əleyhinə mina, 23 106 ədəd tank əleyhinə mina və 177 308 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 241 470 ədəd mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”.
Bu haqda informasiyanı ANAMA Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Təşkilatdan bildirilib ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən ərazilərin minalardan təmizlənməsi prosesi 2 mərhələyə bölünür: minaların mənfi təsirinin aradan qaldırılması və minalardan tam təmizlənmə:
“İlkin mərhələ Böyük Qayıdış proqramı çərçivəsində müəyyən olunmuş prioritetlərə uyğun olaraq icra edilən minatəmizləmə layihələrini əhatə edir. Minaların mənfi təsirinin aradan qaldırılması mərhələsi təhlükəsiz bərpa quruculuq işlərinin icrasına və insanların təhlükəsiz və dayanıqlı yaşayışına uyğun şəraitin yaradılmasıdır.
İkinci mərhələ isə keçmiş təmas xətti boyu ərazilər daxil olmaqla ərazilərin tam olaraq mina təhlükəsindən azad edilməsidir.
Qeyd edək ki, məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi ilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Bu yanaşma yalnız Azərbaycanda deyil, mina ilə çirklənmiş bütün ölkələrdə tətbiq edilən beynəlxalq praktikadır və təhlükəsizliyin təmin olunması baxımından əsas vasitə hesab olunur.
İşğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti əl ilə minatəmizləmə, minaaxtaran itlər və xüsusi minatəmizləmə vasitələrinin dəstəyi ilə həyata keçirilir.
Minatəmizləmə metodologiyaları ərazinin relyefi, çirklənmə səviyyəsinə görə müəyyən edilir.
Əməliyyatlarda itlərin dəstəyindən bütün texniki tədqiqat və minatəmizləmə əməliyyatları zamanı, eləcə də evlərin, ictimai obyektlərin axtarışında istifadə olunur. Bir itin əsas hədəfi partlayıcı maddənin qoxusudur. İt o qoxunu alarkən öz bələdçisinə işarə verir. Hər bir cığır üzrə təmizləmə əməliyyatlarında 2 minaaxtaran itin (MAİ) əməliyyatı icra edilir, ilk olaraq bir MAİ yoxlayır, ərazidə heç bir minanın ötürülmədiyinə əmin olmaq üçün isə ikinci MAİ-i tərəfindən təkrar yoxlanılır.
Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik-lokatorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlar, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur", - açıqlamada deyilir.