Tərkibinə YouTube platformasının da daxil olduğu Google şirkətinin Azərbaycana yanaşması ümumi qlobal yanaşmaya uyğundur. Bunun əsas səbəbi Azərbaycanda Google şirkətinin ofisinin olmamasıdır.
Bu barədə Modern.az-a açıqlamasında Elvin Abbasov - Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri bildirib.
Onun sözlərinə görə, qonşu Türkiyədə Google şirkətinin ofisinin açılması həmin ölkə hökumətinin təşəbbüsü ilə baş verib:
"Azərbaycanda isə Google-un faktiki olaraq mövcud olması şirkət üçün sərfəli hesab edilmir. Çünki Azərbaycan seqmenti cəmi 10 milyon insanı əhatə edir və bu da dünya bazarı miqyasında çox az sayılır".
Elvin Abbasov qeyd edib ki, şirkətin konkret ölkəyə individual yanaşması üçün həmin ölkədə rəsmi ofisinin olması, eləcə də qanuni fəaliyyət göstərərək vergi ödəməsi vacibdir.
O bildirib ki, əvvəllər MDB ölkələri Moskvada yerləşən ofis vasitəsilə müəyyən dəstək ala bilirdi. Lakin Rusiya–Ukrayna müharibəsi səbəbilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Google Moskva ofisini tərk edib. Hazırda region ölkələrinə dəstək əsasən onlayn formatda göstərilir:
"Google-un Azərbaycanda ofisinin açılması yerli kontent yaradıcılarının gəlirlərinin ciddi şəkildə artacağı anlamına gəlmir. Bu məsələdə əsas amil ofisin mövcudluğu deyil, dünya bazarında auditoriyanın çəkisidir".
Elvin Abbasov bildirib ki, Avropa və ABŞ - də fəaliyyət göstərən "youtuberlər" Azərbaycan "youtuberləri" ilə müqayisədə eyni həcmdə fəaliyyət göstərsələr belə, 5–10 dəfə daha çox gəlir əldə edirlər.
O qeyd edib ki, yaxın gələcəkdə Google şirkətinin Azərbaycanda fəaliyyətə başlaması real fikir deyil.
Qeyd edək ki, dünyanın ən böyük video platformalarından biri olan "YouTube"da baxış sayına görə əldə edilən gəlir bütün ölkələr üçün eyni deyil. Platformada kontent yaradıcılara ödənilən məbləğ əsasən izləyicilərin yerləşdiyi ölkədən və həmin ölkədəki reklam bazarının səviyyəsindən asılı olaraq dəyişir.
Həmçinin "YouTube" videoya baxış sayına görə birbaşa ödəniş etmir. Platformada əsas qazanc videolarda yerləşdirilən reklamlardan əldə olunur. Başqa sözlə, kontent yaradıcıları videolarına görə deyil, həmin videolar zamanı istifadəçilərə göstərilən reklamlardan gəlir əldə edirlər.
Platforma həmin gəlirin təxminən 55 faizini kontent müəllifinə, 45 faizini isə özünə saxlayır.
Gəlir, əsasən, CPM (Cost Per Mille) və RPM (Revenue Per Mille) sistemləri ilə hesablanır. CPM – reklam verənin 1000 reklam baxışı üçün ödədiyi məbləği, RPM isə 1000 ümumi baxışdan kontent müəllifinə düşən real gəliri ifadə edir.
Platformada ödəniş məbləğinin ölkələrə görə fərqli olmasının əsas səbəbi reklam bazarlarının inkişaf səviyyəsidir. Məsələn, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrdə reklam bazarı böyük olduğu üçün reklamverənlər daha yüksək büdcə ayırır. Bu səbəbdən həmin ölkələrdən gələn baxışlara görə YouTube-da gəlir daha çox olur.
Təxmini hesablamalara görə, ABŞ, Kanada və Böyük Britaniyada 1000 baxış üçün reklam gəliri orta hesabla 8–25 dollar, Almaniya və Skandinaviya ölkələrində 6–20 dollar civarında dəyişir. Türkiyədə bu göstərici təxminən 1–5 dollar, Azərbaycan və region ölkələrində isə adətən 0,5–2 dollar arasında olur. Hindistan və bəzi Asiya və Afrika ölkələrində isə bu məbləğ daha aşağı aralıqda dəyişə bilər.