Modern.az

Bu klinikaya cinayət işi açıla bilər

Bu klinikaya cinayət işi açıla bilər

Aktual

Bu gün, 13:40

Milliyətcə özbək olan şəxsin “Bİ ES VİP” estetik klinikasında bioenerji ilə müalicə adı altında keçirilən qəbuldan sonra məsələ hüquqi müstəvidə də müzakirə olunmağa başlayıb. Klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbəkəsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim” olub.

Hüquqşünas Şamil Paşayev Modern.az -a verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda tibbi fəaliyyət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilə bilər:

“Hüquqi yanaşmaya görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən həkim aidiyyəti üzrə möhür və sertifikata malik olan, rəsmi icazə ilə tibbi fəaliyyət göstərən şəxs hesab olunur.

Əgər bir şəxsin həkimlik fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş icazəsi yoxdursa, onun istənilən məkanda insanları “müalicə etməsi” qanunazidd hal kimi qiymətləndirilir”.

O bildirib ki, belə hallarda tibb müəssisəsinin də məsuliyyəti yaranır:

“Belə ki, klinika hər hansı şəxsin qəbul keçirməsinə şərait yaratmazdan əvvəl onun tibbi fəaliyyət üçün tələb olunan sənədlərini və icazələrini yoxlamalıdır. Bundan əlavə, həmin şəxsin Azərbaycan ərazisində qanuni yaşamaq və fəaliyyət göstərmək hüququnun olub-olmaması da araşdırılmalıdır. “Enerji”, “bioenerji” və ya oxşar üsullarla insanları müalicə etmək adı altında onlardan pul alınması dələduzluq faktı kimi qiymətləndirilə bilər. Əgər klinikanın həmin şəxslə əlbir fəaliyyət göstərdiyi, onu həkim kimi təqdim etdiyi müəyyən olunarsa, bu zaman məsuliyyət daha da ağırlaşa bilər".

Hüquqşünas bildirib ki, belə vəziyyətdə klinika rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308-ci -  “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və 32-ci - “Cinayətdə iştirakçılıq” maddələri ilə cinayət işi açıla bilər.

Bundan əlavə, klinikaya fəaliyyət üçün lisenziya verən qurum məsələ ilə bağlı araşdırma apararaq qanunvericiliyə uyğun tədbirlər görə bilər.

 

Sizə yeni x var
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!