Son illərdə ürək-damar xəstəliklərinin artım tendensiyası müşahidə olunur. Eyni zamanda xəstələrin yaş aralığında da dəyişiklik yaranıb. Hazırda 30 yaşlarında olan şəxslərin ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkdiyi müşahidə edilir. Halbuki əvvəllər bu xəstəliklər daha çox 60–70 yaşlı insanlar üçün xarakterik hesab olunurdu.
Bu barədə invaziv kardioloq Gülanə Ağayeva Modern.az-a açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, bunun əsas səbəbləri qeyri-normal həyat tərzi, stres, az hərəkətlilik, zərərli qidalanma, siqaret, spirtli içkilər və enerji içkilərinin qəbuludur.
Gülanə Ağayeva bildirib ki, ürək-damar xəstələrinin hamısına stent köçürülməsi əməliyyatı icra edilmir:
“Əvvəl invaziv müayinə aparılır və bundan sonra növbəti tibbi mərhələyə keçid edilir. Ürək damarlarına tətbiq olunan müalicənin təsiri olmayan xəstələrə ya stent implantasiyası, ya da açıq əməliyyat edilir”.
Həkim qeyd edib ki, stent əməliyyatı üçün yerli istehsal hələ mövcud deyil:
“Bu məqsədlə daha çox Almaniya və ABŞ istehsalı olan tibbi məhsullardan istifadə edilir. Dərmanlı stentlərin implantasiyası damarların daha uzun müddət açıq qalmasına zəmanət yaradır”.
O qeyd edib ki, insan həyatının davamlılığına dünyanın heç bir yerində tam zəmanət verilmir:
“Əməliyyat ideal keçsə və xəstə sonrakı tibbi göstərişlərə tam əməl etsə belə, stentlərin 1–3 faiz tutulma ehtimalı qalır.
Əməliyyatdan sonra dərman müalicəsi mütləqdir. Əməliyyat keçirmiş xəstə ömrünün sonuna qədər müəyyən dərmanları qəbul etməlidir.
Bununla yanaşı, siqaretdən birmənalı şəkildə imtina, fiziki aktivliyin artırılması və mütəmadi həkim nəzarəti də vacib hesab olunur”.
Gülanə Ağayeva qeyd edib ki, Azərbaycanda qadınlarla müqayisədə kişilər arasında ürək-damar xəstəlikləri daha çox yayılıb. Uşaqlar arasında isə bu xəstəliklər nadir hallarda müşahidə olunur:
“Hazırda bu tip əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çərçivəsində ödənişsiz həyata keçirilir”.