Modern.az

İlbər Ortaylı vəfat edib

İlbər Ortaylı vəfat edib

Aktual

Bu gün, 16:58

Sağlamlıq problemi səbəbilə 6 gündür reanimasiyada olan 79 yaşlı məşhur türkiyəli tarixçi İlber Ortaylı vəfat edib.

Modern.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlunun bildirdiyinə görə, ölkə böyük bir dəyərini və tarix dahisini itirib.

Nazir vurğulayıb ki, Türkiyənin yetişdirdiyi ən seçkin alimlərdən biri olan professor İlber Ortaylının vəfatı xəbəri böyük kədər doğurub.

Qeyd edək ki, İbər Ortaylı Türkiyənin ən tanınmış tarixçilərindən, alim və publisistlərindən biri olub. O, xüsusilə Osmanlı imperiyası, Türkiyə tarixi və Avropa tarixi üzrə araşdırmaları ilə geniş tanınıb və uzun illər akademik fəaliyyət göstərib.

1947-ci il mayın 21-də Avstriyanın Bregenz şəhərində anadan olan Ortaylı sonradan ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Təhsilini Ankarada alan alim Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində tarix ixtisası üzrə oxuyub. Daha sonra akademik fəaliyyətini davam etdirərək professor elmi dərəcəsini alıb.

İlber Ortaylı müxtəlif illərdə Türkiyənin bir sıra universitetlərində dərs deyib və tarix sahəsində yüzlərlə tələbə yetişdirib. O, həmçinin 2005–2012-ci illərdə İstanbulda yerləşən məşhur Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə muzeyin beynəlxalq tanıtımı və elmi fəaliyyəti daha da genişlənib.

Tarixçi alim çoxsaylı kitabların müəllifidir. “Osmanlıyı Yeniden Keşfetmek”, “Türklerin Tarihi”, “İmparatorluğun En Uzun Yüzyılı” kimi əsərləri oxucular arasında böyük maraq qazanıb. Ortaylı həmçinin televiziya proqramlarında və ictimai çıxışlarında tarix mövzularını sadə və maraqlı dillə izah etməsi ilə seçilib.

Elmi fəaliyyəti, kitabları və ictimai çıxışları ilə İlber Ortaylı Türkiyədə tarix elminin populyarlaşmasına mühüm töhfə verən alimlərdən biri hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?