Modern.az

Əli Kərimlinin oğlunun bu hərəkəti utancvericidir - AMİP sədri

Əli Kərimlinin oğlunun bu hərəkəti utancvericidir - AMİP sədri

Aktual

Bu gün, 15:47

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ senatoru Piter Velçlə görüşüb. Əli Kərimlinin Facebook səhifəsindəki paylaşımda Türkel Kərimli senatorla görüşdə atasının “saxta ittiham” əsasında həbsi və ölkədə “insan haqlarının ağır vəziyyəti" barədə danışıb. O, Azərbaycanın əleyhinə bir sıra ittihamları dilə gətirib.

Xatırladaq ki, ötən ilin noyabr ayının 29-da  AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq dindiriliblər.

Hər iki şəxs Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Əli Kərimli barəsində 4 ay həbsqəti imkan tədbiri seçilib.

Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Əli Kərimlinin oğlunun ermənipərəst, Azərbaycana düşmən mövqe ilə seçilən senatorla görüşünün utanverici olduğunu bildirib:

“Bəli, belə bir məlumat elə Əli Kərimlinin öz Facebook səhifəsində yayılıb. Paylaşım mənim də rastıma çıxdı. Dərhal yadıma hələ İkinci Qarabağ savaşı dönəmində Azərbaycana qarşı demarş həyata keçirən qüvvələr düşdü. Həm Avropa Parlamentində, həm də Amerika senatorları arasında cəhd edənlər olmuşdu. Azərbaycana qarşı sənədlərin qəbul edilməsi ilə bağlı canfəşanlıq göstərənlər var idi.

Çox təəssüflər olsun ki, Əli Kərimlinin oğlu həmin senatorlardan biri ilə-Peter Velçlə görüşüb. Bu həmin senatordur ki, Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvüdür və həmişə ermənipərəst, Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınıb. Senatda və Nümayəndələr Palatasında İkinci Qarabağ savaşı dönəmində Azərbaycana qarşı sənəd hazırlanıb, təklif irəli sürülmüşdü. Həmin sənədin həmmüəlliflərindən biri Peter Velç olmuşdu. Həmin o qətnamə özündə Azərbaycana qarşı qarayaxma kampaniyalarını əks etdirən bir sənəd idi. Guya Azərbaycan qondarma quruma qarşı hərbi aqressiya nümayiş etdirir, eyni zamanda bu prosesdə Türkiyə də iştirak edir.  Peter Velç Azərbaycanı və Türkiyəni ittiham edən, ermənilərə dəstək verən həmin sənədin hazırlanmasında bilavasitə iştirak etmişdi və onun həmmüəlliflərindən biri idi. Əli Kərimlinin oğlu da yəqin ki, bunları bilməmiş deyil. O, bunları bilə-bilə həmin ermənipərəst senatorla görüşürsə, bu çox böyük utancverici məsələdir”.

Arzuxan Əlizadə vurğulayıb ki, bu yeganə hal deyil, milli azadlıq hərkatında iştirak edən digər bəzi şəxslərin də belə paylaşımlarına rast gəlinir:

“Çox təəssüflər olsun ki, bu bir ilk deyil. Biz o dövr milli azadlıq hərkatında iştirak edən digər bəzi şəxslərin övladları ilə bağlı da belə paylaşımlara rast gəlirik. Erməniləri müdafiə edən, ermənilərlə iş birliyində olan adamlarla. Bu, qəti surətdə müxalifətçilik deyil. Öz dövlətinə qarşı düşmən qüvvələrlə birlikdə hansısa mövqeyi müdafiə etmək heç bir halda heç bir siyasətçiyə və ya onun ailə üzvünə başucalığı gətirmir. Bu çox qorxulu və təhlükəli bir tendensiyadır. Bundan çəkinilməlidir.

Bu cür addımlar qınanılmalıdır ki, gələcəkdə belə presedentlər olmasın. Mübarizə aparılırsa, sivil qaydada mübarizə aparılmalıdır. Konkret olaraq Azərbaycan dövlətinə qarşı, bütövlükdə türk dünyasına qarşı düşmən mövqeydə olanlarla bir sırada dayanmaq, onlarla birgə bu guya mübarizə prosesində onların dəstəyindən istifadə etmək, öz dövlətinə qarşı fəaliyyət kimi qiymətləndirilməlidir və ciddi surətdə də qınanılmalıdır.

Bu başqa məsələdir ki, hansısa məsələ ilə razı deyilsən, hansısa məsələ ilə bağlı mövqe bildirirsən, amma heç bir halda bəraət qazandırmır ki, gedib hansısa siyasi məqsədlərə çatmaq üçün Azərbaycan dövlətinə qarşı düşmən mövqedə olan xarici nümayəndələrlə, xarici güclərlə birgə fəaliyyət göstərəsən. Onların əli ilə növbəti dəfə Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək heç kəsə başucalığı gətirən məsələ deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?