Modern.az

Dədə Qorqud, Dədə Ələsgər, Dədə Şəmşir

Dədə Qorqud, Dədə Ələsgər, Dədə Şəmşir

Mədəniyyət

Bu gün, 15:20

Bu gün sazın, sözün yaddaşı Kəlbəcər tərəfə boylanır. Bu gün bütün dünyada sazın ürəyi çırpınır, sözün nəfəsi kəklikotu, yarpız qoxur.

Çünki bu gün saza-sözə can verən Dədə Şəmşirin dünyaya gəldiyi gündür. Çünki Dədə Şəmşir həyatı bir ocaq ömrüdür. 133 il bir məktəbin yaşıdır.

 

Dədə adı ELİN MÖHÜRÜDÜR, o ad hər adama verilmir.

DƏDƏ QORQUD o möhürün dastandakı işığıdır.

DƏDƏ ƏLƏSGƏR o möhürün saz üstündəki zirvəsidir.

DƏDƏ ŞƏMŞİR isə o möhürün dünənində, bu günündə və sabahında müqəddəs nəfəsdir.

Bu gün Dədə Şəmşirin ad günüdür.

Adama elə gəlir ki, söz ayağa qalxıb onu salamlayır, təbrik edir, saz baş əyib ona ehtiram göstərir, təbrik edir.

Dədə Şəmşir ucqar KƏLBƏCƏRdən çıxıb bütün aşıq dünyasında səs salan KİŞİDİR...

Dədələr tarixdir, adət-ənənədir.

Dədələr ağayanalıqdır.

Dədələr sayılıb-seçilən, sözü dinlənilən adamlardır.

 

DƏDƏ QORQUD xalqın əfsanəvi arzusudur.

DƏDƏ ƏLƏSGƏR sazın kamala çatmış ucalığıdır.

DƏDƏ ŞƏMŞİR isə həmişə yaşayan el nəfəsidir. Onun adı çəkiləndə Kəlbəcər danışır. Sözü yada düşəndə saz köklənir.

 

Dədə adı bir yükdür, hörmətdir. Dədə adı sınanmış ömrün, halal nəfəsin adıdır. Ona görə də yazının başlıq yerində üç böyük ad yanaşı dayanır, Dədə Qorqud, Dədə Ələsgər, Dədə Şəmşir.

Dədə Şəmşir bütün aşıqların dədəsi, hər saz evinin ağsaqqalıdır. Dünyanın hər yerində yaşayan saz-söz adamlarının mənəvi ocağıdır. Harada bir saz dillənirsə, orada Dədə Şəmşirin nəfəsi duyulur. Harada bir el şairi düzü danışırsa, orada Dədə Şəmşirin kölgəsi görünür. Harada bir gənc aşıq ustad axtarırsa, orada Dədə Şəmşirin adı çəkilir.

Dədə o adama deyilir ki, sözü yaraya məlhəm olsun, məclis onunla düzəlsin, dava yerində sülh, qəm yerində təsəlli olsun, yol ayrıcında istiqamət göstərə bilsin.

Dədə sənətdə kamillik zirvəsidir. Aşıq sazı, şair sözü, ağsaqqal davranışı ilə bu ada yetişir.

 

Dədə Qorqud bir əsatirdir, obrazdır. Bir xalqın arzusu, özünə biçdiyi ideal ağsaqqal surətidir. Türk düşüncəsinin qopuzlu müdrikidir. Onun əlində qopuz, dilində dua, sözündə nəsihət, baxışında uzaq görən ağıl var.

O, ad qoyan, yol göstərən, elin umud yeri, dar gündə kömək yeridir. O, hadisənin içində görünməsə də, mənanın içində həmişə hiss edilir. Dədə Qorqud obrazı bir xalqın öz ağsaqqalına verdiyi ən uca bədii biçimdir. O, güc ilə ağlı, cəsarətlə mərhəməti, igidliklə ədaləti birləşdirən səsdir. Dədə Qorqudun məkanı oğuz elidir.

Onun fəaliyyət yeri dastan məclisləri, oba həyatları, el köçləri, igidlik çağlarıdır. O, bütün oğuz dünyasının müdrikidir. O, tarixlə mifin qovuşduğu yerdə dayanır. Onun varlığı həm gerçək duyulur, həm də əfsanə kimi ucalır.

 

İkinci böyük zirvə Dədə Ələsgərdir.

O, aşıq idi, çox keçmədi ki, Dədə Ələsgər oldu. Sazı, sözü, hörməti, dilin incəliyini dağların vüqarı ilə birləşdirdiyi üçün DƏDƏ oldu.

Dədə Ələsgər sazda hikmət oyadan sənətkardır. Onun şeirlərində məhəbbət, gözəllik, ibrət danışır. Onun sazında dağ havası ilə dərdin nəfəsi birgə səslənir.

Dədə Ələsgərin məkanı Göyçə mahalıdır. Onun çağladığı yer dağlar, yaylaqlar, el məclisləri, deyişmə meydanları idi. O, sazı ilə el-el gəzən, amma sözü ilə zirvə-zirvə yüksələn sənətkar idi. Ələsgər bir məktəbdir.

 

Və gəlib çıxırıq bu günün əsas ünvanına, Dədə Şəmşirə.

Dədə Şəmşir ağsaqqaldır, o da sazı, sözüylə məşhurdur. Dədə Şəmşir keçmişdir, bu gündür, həm də gələcəkdir. O, sabahın da dədəsidir.

Həqiqi ustad zamanın içində qalmır, zamanın üstünə çıxır. Dədə Şəmşir Kəlbəcərin dağ nəfəsini sazın sinəsinə köçürən sənətkardır. Onun sözündə bulaq səsi, dilində qayaların səbrı, sazında köç yollarının həsrəti var. Onun baxışında elin ağrısı, ömründə torpaq sevgisi, insan sevgisi var.

O, adi saz çalan, şeir yazan deyi, dağla danışan, elin dərdini misraya çevirən adamdır.

Dədə Şəmşirə görə saz vicdanın səsidir, elin ürək döyüntüsüdür.

Dədə Şəmşirin böyüklüyü həm də ondadır ki, o, dünəni qoruyub, bu günü danışıb, sabaha yer saxlayıb.

Onun sözü tək xatirə deyil, sabaha istiqamətdir.

Onun misraları poetik tapıntıdır, əsas isə insanı elə, yurda, kökə qaytaran çağırışdır.

Dədə Şəmşirin məkanı Kəlbəcərdir. Dəmirçidamdan başlayan bu yol Ağdabanda böyük sənət ocağına çevrilib. Onun çağlayan yeri saz məclisləri, el yığıncaqları, dağ kəndləri, söz-sənət ocaqları olub. Amma adı dünyanın bütün aşıq məclisləri, saz havası ilə bir yerdə səslənir.

 

 

Harada Kəlbəcər varsa, orada Dədə Şəmşir var, harada bir aşıq ustad adı çəkirsə, orada Dədə Şəmşir var.

Harada sazın səsi ilə yurd xatırlanırsa, orada Dədə Şəmşir var.

O, bütün aşıqların dədəsidir. Onun böyüklüyü coğrafiyaya sığmır. Kəlbəcərdə doğulub, amma könüllərdə yaşayır. Bir kənddən çıxıb, bir millətin yaddaşına çevrilib.

Dədə Şəmşir yol itən vaxt, söz korşalan vaxt, gənclik tələsən vaxt, el köks ötürən vaxt yada düşür.

Çox qıribədir, müasirləri deyirlər ki, Dədə Şəmşir adamı danlayanda ucaldırdı, tərifləyəndə məsuliyyət yükləyirdi.

Dədə Şəmşirin 133 yaşını qeyd etmək bir sənətkarı xatırlamaq fəlsəfəsindən çox-çox uzaqdı.

Bu, sazın qarşısında baş əymək, sözün haqqını tanımaqdır.

Bu, Kəlbəcərin mənəvi ucalığını etiraf etmək, dədəlik məqamının nə qədər müqəddəs olduğunu yenidən anlamaqdır.

Dədə Şəmşiri yada salmaq kökümüzü xatırlamaqdır. Ana dilimizin təmizliyini, sazımızın ürək səsini, el ağsaqqalımızın böyüklüyünü uca tutmaqdır.

Dədə Şəmşir həmişə var... Onu görmək üçün şeirlərini oxumaq, eşitmək üçün sazını dinləmək bəs edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?