Müşviqabad layihəsi üzrə kollektor və təmizləyici qurğunun tikintisi davam edir.
Modern.az xəbər verir ki, bunu Müşfiqabad hövzəsi üzrə görülən işlər barədə mediaturda "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda icrası davam edən layihə Müşviqabad kollektor xətti və su təmizləyici qurğunu əhatə edir.
“Ümumi uzunluğu 17,3 kilometr olan kollektor xətti bir neçə qəsəbəni və Xırdalan şəhərini əhatə edəcək. Layihə çərçivəsində su təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub. Qurğunun ilkin mərhələdə 75 min kub həcmində olması planlaşdırılır, əlavə gücün isə növbəti mərhələdə artırılması nəzərdə tutulur”.
Qurum rəsmisi qeyd edib ki, Layihə üzrə 22 şaxta mövcuddur. Bunlardan 11-i giriş, 11-i çıxış məqsədlidir. hazırda kollektor üzrə 7 şaxtada iş aparılır:
“Onlardan dördündə tikinti işləri artıq tamamlanıb, üçündə isə işlər davam edir. Qazıntı işlərinə başlanılıb və texnika şaxtalardan birinə yerləşdirilib”.
O həmçinin vurğulayıb ki, layihənin icra müddətinin üç il ərzində başa çatdırılması planlaşdırılır:
“Bununla yanaşı, işlərin daha qısa müddətdə yekunlaşdırılması hədəflənir. Maliyyə məsələlərinə gəlincə, su təmizləyici qurğunun dəyəri 102 milyon manat, kollektor xəttinin dəyəri isə 135 milyon manat təşkil edir. Layihə tam şəkildə dövlət vəsaiti hesabına maliyyələşdirilir və əlavə maliyyə cəlbinə ehtiyac nəzərdə tutulmur”.
Qurum rəsmisi əlavə edib ki, layihə nəticəsində Xırdalan şəhəri ilə yanaşı, Masazır, Aşağı Güzdək, 28 May və Müşviq qəsəbələri daxil olmaqla ümumilikdə bir neçə yaşayış məntəqəsinin kanalizasiya və tullantı sularının idarə olunması təmin ediləcək:
“Bununla yanaşı, Bakı şəhəri üzrə daha yeddi kollektor xəttinin tikintisi davam etdirilir. Paralel olaraq 2 su təmizləyici qurğunun və 3 nasos stansiyasının inşası da həyata keçirilir.
Layihə ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır. Belə ki, təmizləyici qurğudan çıxan su tam təmizlənmiş halda Xəzər dənizinə yönləndiriləcək və hətta suvarma məqsədləri üçün istifadə oluna biləcək”, - deyə İ.Rzayev fikrini tamamlayıb.