Modern.az

Zəfərdən sonra Novruzun doğma torpaqlara qayıdışı

Zəfərdən sonra Novruzun doğma torpaqlara qayıdışı

Aktual

Bu gün, 10:28

Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan, minilliklər boyu formalaşaraq bu günə qədər gəlib çatan ən qədim və ən əziz bayramlardan biridir.

Təbiətin oyanışını, həyatın yenilənməsini, xeyirin şər üzərində qələbəsini simvolizə edən Novruz yalnız mövsümi dəyişiklik deyil, eyni zamanda xalqımızın dünyagörüşünün, həyat fəlsəfəsinin və milli kimliyinin təcəssümüdür.
Tarix boyu Azərbaycan xalqı Novruz ənənələrini böyük həssaslıqla qoruyub saxlamış, bu bayramı nəsildən-nəslə ötürərək milli yaddaşın ayrılmaz hissəsinə çevirmişdir.

Qədim dövrlərdən başlayaraq tonqal qalamaq, səməni yetişdirmək, bayram süfrəsi açmaq, küsülüləri barışdırmaq kimi adətlər xalqımızın həm sosial birliyini möhkəmləndirmiş, həm də mənəvi dəyərlərini zənginləşdirmişdir. Bu ənənələr zamanın sınaqlarından çıxaraq bu gün də öz aktuallığını qoruyur. Sovet dövründə milli-mənəvi dəyərlərə qarşı tətbiq edilən qadağalara baxmayaraq, Azərbaycan xalqı Novruz bayramını yaşatmaqdan vaz keçməmişdir.

Rəsmi səviyyədə qeyd olunmasına məhdudiyyətlər qoyulsa da, insanlar bu bayramı ailə daxilində, gizli və ya yarı-rəsmi şəkildə qeyd etmiş, onun əsas atributlarını qoruyaraq gələcək nəsillərə ötürmüşdür. Bu fakt xalqımızın öz köklərinə bağlılığının, milli kimliyinə sədaqətinin bariz nümunəsidir.

Müstəqillik dövründə Novruz bayramı dövlət səviyyəsində geniş şəkildə qeyd olunmağa başlamış, onun milli bayram kimi statusu daha da möhkəmlənmişdir. Bununla yanaşı, Novruzun UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu bayramın beynəlxalq miqyasda da tanınmasının göstəricisidir. Lakin uzun illər ərzində torpaqlarımızın işğal altında olması Novruz bayramının xalqımız tərəfindən tam mənada, ürək dolusu qeyd olunmasına mane olmuşdur.

Digər milli bayramlarımız kimi, Novruz da həmin dövrdə nisgil və həsrət hissləri ilə müşayiət olunmuş, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün bu bayramın sevinci yarımçıq qalmışdır. 2020-ci ildə əldə olunmuş tarixi Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bununla da xalqımızın milli-mənəvi həyatında yeni bir mərhələnin əsası qoyuldu. Artıq beş ildir ki, Novruz bayramı azad edilmiş torpaqlarımızda da böyük coşqu ilə qeyd olunur.

Bu, yalnız bir bayramın qeyd olunması deyil, həm də milli ruhun, tarixi ədalətin və mənəvi dəyərlərin doğma torpaqlara qayıdışının rəmzidir. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfərləri, həmin torpaqlarda Novruz tonqallarının qalanmasında şəxsən iştirak etmələri xüsusi rəmzi məna daşıyır.

Bu addımlar dövlətin milli dəyərlərə verdiyi yüksək qiymətin, eyni zamanda xalqla hakimiyyət arasında mənəvi birliyin bariz ifadəsidir. İşğaldan azad olunmuş ərazilərdə qalanan hər bir tonqal, əslində, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli ruhunun təntənəsinin göstəricisidir. Bu gün Novruz bayramı yalnız keçmişin yadigarı deyil, həm də gələcəyə ünvanlanan bir dəyərdir. Qloballaşma şəraitində milli kimliyin qorunması baxımından bu kimi bayramların əhəmiyyəti daha da artır.

Novruz Azərbaycan xalqının birliyini, həmrəyliyini və milli özünüdərkinin gücünü nümayiş etdirən ən mühüm mənəvi sütunlardan biri kimi çıxış edir. Nəticə etibarilə, Novruz bayramı tarix boyu müxtəlif çətinliklərə baxmayaraq yaşadılmış, qorunmuş və bu gün daha möhtəşəm şəkildə qeyd olunan milli sərvətimizdir. Bu bayramın azad Qarabağda, Şərqi Zəngəzurda qeyd olunması isə onun məzmununa yeni bir qürur və zəfər ruhu bəxş etmişdir.

Novruz artıq təkcə baharın gəlişi deyil, həm də milli dirçəlişin, tarixi ədalətin və dövlət müstəqilliyimizin möhkəmlənməsinin simvoluna çevrilmişdir.


Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı