Modern.az

TDT-nin təkamülündə Bakının rolu 

TDT-nin təkamülündə Bakının rolu 

Aktual

Bu gün, 11:58

Qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi, geosiyasi qarşıdurmaların yeni mərhələyə qədəm qoyduğu müasir dövrdə Avrasiya məkanı xüsusi strateji əhəmiyyət kəsb edir. Bu geniş coğrafiyada yerləşən Türk dünyası isə həm zəngin enerji resursları, həm də beynəlxalq nəqliyyat və ticarət yollarının kəsişməsində yerləşməsi ilə qlobal diqqət mərkəzinə çevrilməkdədir.

Belə bir şəraitdə türk dövlətləri arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəlməsi artıq tarixi zərurət kimi çıxış edir. Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Ötən ilin 23 sentyabrında 7-ci çağırış Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev vurğulamışdı ki: "Bu, bizim üçün prioritetdir, ... indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırış idi. Bu ortaq tarixi, mədəni-etnik və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi.

Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikri mövcud reallığın həm ideoloji, həm də siyasi ifadəsi olmaqla, Türk dünyasının gələcək inkişaf modelini müəyyənləşdirən əsas konseptual yanaşma kimi diqqəti cəlb edir.

Bu yanaşma mənəvi birlik ideyası olmaqla yanaşı, eyni zamanda siyasi koordinasiya, iqtisadi inteqrasiya və strateji əməkdaşlığın vahid platformada birləşdirilməsini nəzərdə tutur. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının fəaliyyəti son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olaraq real nəticələrə əsaslanan əməkdaşlıq modelinə çevrilməkdədir.

Bakıda keçirilən yüksək səviyyəli görüşlər göstərir ki, təşkilat artıq formal institusional çərçivədən çıxaraq praktik fəaliyyət müstəvisində daha aktiv rol oynayır. İqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və ortaq layihələrin həyata keçirilməsi indiki mərhələdə bu prosesin əsas istiqamətlərini təşkil edir.

Mövcud statistik göstəricilər isə bu sahədə böyük potensialın hələ tam reallaşdırılmadığını göstərir. Türk dövlətlərinin ümumi iqtisadi gücü və geniş coğrafiyası ilə müqayisədə təşkilatdaxili ticarətin həcmi nisbətən aşağıdır. Bu isə inteqrasiyanın dərinləşdirilməsi və vahid iqtisadi məkan elementlərinin formalaşdırılması üçün geniş imkanların mövcudluğunu göstərir.

Bu kontekstdə nəqliyyat və logistika layihələri xüsusi əhəmiyyət kəsb edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu — Orta Dəhliz artıq regional təşəbbüs çərçivəsindən çıxaraq Avropa ilə Asiyanı birləşdirən mühüm geoiqtisadi platformaya çevrilməkdədir. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər bu dəhlizin strateji rolunu daha da artırır.

Yaxın perspektivdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə Türk dünyasının nəqliyyat xəritəsində keyfiyyətcə yeni mərhələ yaradacaq. Bu layihə yalnız logistika imkanlarını genişləndirmir, eyni zamanda türk dövlətləri arasında birbaşa iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Enerji sahəsində əməkdaşlıq, resursların şaxələndirilməsi və bərpaolunan enerji istiqamətində atılan addımlar, eləcə də müasir inkişaf modelinin ayrılmaz tərkib hissəsinə çevrilmiş rəqəmsal transformasiya və texnoloji inkişaf sahəsində əməkdaşlıq Türk dünyasını inkişaf etdirən və qlobal iqtisadi sistemdə onun mövqelərini gücləndirən mühüm fəaliyyət istiqamətləridir.

Qlobal miqyasda təhlükələrin artdığı bir dövrdə təhlükəsizlik məsələləri də xüsusi aktuallıq kəsb edir. Regional sabitliyin qorunması, nəqliyyat və enerji xətlərinin təhlükəsizliyinin təmin edilməsi, geosiyasi risklərin minimuma endirilməsi türk dövlətlərinin ortaq strateji maraqları sırasında yer alır.

Tarixi baxımdan Türk dünyasının ideoloji mərkəzlərindən biri olmuş Azərbaycan bu gün də həmin missiyanı müasir reallıqlara uyğun şəkildə davam etdirərək inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Azərbaycan özünün coğrafi mövqeyi, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti ilə türk dünyası çərçivəsində inteqrasiya proseslərində aparıcı rol oynayır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri yalnız milli maraqlara xidmət etmir, eyni zamanda Türk dünyasının vahid inkişaf platformasının formalaşmasına töhfə verir.

Beləliklə, müasir geosiyasi reallıqlar şəraitində Türk dünyası qarşısında duran əsas vəzifə mövcud imkanları düzgün qiymətləndirərək onları strateji üstünlüyə çevirməkdir. Bu isə yalnız ortaq iradə, güclü siyasi koordinasiya və uzunmüddətli inkişaf vizyonu əsasında mümkün ola bilər.

Türk dünyası bu gün artıq ideoloji birlik mərhələsindən çıxaraq real iqtisadi, siyasi və geostrateji inteqrasiya müstəvisində formalaşan və Avrasiyanın gələcək güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyən yeni bir inkişaf modelini nümayiş etdirir.

Cavanşir Feyziyev

5 aprel 2026-cı il

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!