Avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflanıb, Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edilib. Rusiyanın ilkin vaxtlarda bu razılaşmaya münasibəti o qədər də müsbət olmayıb. Hazırda isə Rusiyanın Zəngəzur dəhlizində bu və ya digər formada iştirak istəyi hiss olunur.
Bəs Moskvanın Zəngəzur dəhlizindən istək və gözləntiləri nələr ola bilər?
Modern.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Rusiya Zəngəzur dəhlizindən Türkiyəyə və Yaxın Şərqə çıxış üçün istifadə edə bilər:
“Rusiya Zəngəzur dəhlizindən üçtərəfli bəyanata əsasən, bu və ya digər formada istifadə etmək niyyətini irəli sürmüşdü. Hazırda vəziyyət əslində dəyişməyib. Rusiya Zəngəzurdan Türkiyəyə və Yaxın Şərqə çıxış üçün istifadə edə bilər. Azərbaycan əksinə, region ətrafındakı bütün ölkələrin bu layihədə iştitrakında maraqlıdır. Təsadüfi deyil ki, "3+3" formatı və digər platformalar ona yönəldilmişdi ki, kommunikasiya xətləri və iqtisadi layihələr qonşu dövlətlərlə olan münasibətlərimizi daha da inkişaf etdirsin. Bu kontekstdə Ermənistan Naxçıvan Muxtar Respublikasının ərazisindən İrana, Rusiya isə Azərbaycan və Ermənistan ərazisindən istifadə etməklə Türkiyəyə, Yaxın Şərqə çıxış əldə edə bilər. Azərbaycanın əsas meyarı Zəngəzuru geosiyasi bir mübarizə meydanına çevirməməkdir. Bu çox təhlükələdir. Meyar ondan ibarətdir ki, qlobal güclər - istər Qərb, istərsə də Rusiya və İran başa düşüsün ki, bu dəhliz ümumrifah rolunu oynamalıdır".
Politoloq vurğulayıb ki, Rusiya və İranda ABŞ-nin Ermənistanla Qərbi Zəngəzura dair anlaşması ilə bağlı narahatlıq var:
"Onlara da izah edilib ki, narahatlığa ehtiyac yoxdur, burada sadəcə, ABŞ şirkəti texniki məsələlərin həlli ilə məşğul olacaq. Yəni bu, Ermənistan-Rusiya və Ermənistan-İran arasında olan məsələlərdir. Hər halda kimin hansı yanaşmasından asılı olmayaraq, yol açılacaq. Bu, mütləqdir. Yaxşı olardı ki, bu prosesdə yaxından iştirak edib həm töhfə versinlər, həm də özləri qazanclı olsun".