8 avqust tarixli Vaşinqton görüşündə Azərbaycan-Ermənistan sülh sazişinin mətni paraflanıb. Paraflanmış sülh sənədində qarşılıqlı etimad quruculuğu məsələsi xüsusi qeyd olunub. Artıq Azərbaycan və Ermənistan Baş nazirmüavinlərinin qarşılıqlı səfərləri olub.
Qarşılıqlı etimad quruculuğu sahəsində siyasi partiyaların da rolu həmişə xüsusi qiymətləndirilir.
Bəs 8 avqustdan sonra Ermənistan siyasi partiya nümayəndələri azərbaycanlı həmkarları ilə hansısa ünsiyyət qurublarmı? Ya da belə bir görüş planlaşdırılırmı?
Modern.az saytı bu suallarla Azərbaycandakı bəzi partiyalara müraciət edib.
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Vaşinqton görüşündən sonra onların Ermənistandakı siyasi partiyalarla heç bir ünsiyyəti olmayıb:
“Vaşinqton görüşündən sonra belə təmas qurulmayıb. Gələcəkdə vəziyyət necə olarsa, dövlətimizin maraqları nəyi tələb edərsə, ona yönəlik müəyyən proseslərdə iştirak edə bilərik. Amma faktiki olaraq, hazırda belə bir situasiya mövcud deyil”.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də deyib ki, 8 avqust tarixli Vaşinqton görüşündən sonra Ermənistandakı hər hansı partiyalarla təmasda olmayıblar:
"Belə bir təmaslar hələ planlaşdırılmır. Dövlət tərəfindən hər hansı təşəbbüs olarsa və bu, sülh prosesinə müsbət təsir göstərəcəksə, o zaman qarşılıqlı etimad əsasında bu təşəbbüs irəli sürülə bilər".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadənin sözlərinə görə, bu gün Ermənistanda yalnız baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası nisbətən konstruktivlik nümayiş etdirir:
"O da Azərbaycanın yaratdığı reallıqları qəbul edərək bizimlə konstruktiv münasibətlərin formalaşmasında maraqlıdır. Bu istiqamətdə addımlar atmağa hazır olduqlarını deyirlər. Paşinyan administrasiyasının ayrı-ayrı nümayəndələrinin açıqlamaları bunu deməyə əsas verir. Xalqlarımız arasında münasibətlərin yaxşılaşması üçün kifayət qədər ciddi addımlar atılmalıdır. Bu təşəbbüs xüsusilə qarşı tərəfdən gəlməlidir. Ermənistan siyasi partiyalarının demək olar ki, hamısı revanşist hisslərlə yaşadıqlarını açıq-aydın büruzə verir, bunu gizlətmirlər.
Təəssüf ki, erməni cəmiyyətində hələ də Azərbaycana qarşı aqressiya mövcuddur. Dövlətlərarası münasibətlərin zaman-zaman xalqlararsı əlaqələrdə də təzahür edəcəyi düşüncəsindəyəm. Bunun üçün zamana, Ermənistan tərəfindən real addımların atılmasına ehtiyac var. Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul edilib. Amma Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır. Eyni zamanda, Azərbaycanın 4 kəndi Ermənistanın tapdağı altındadır. Bir çox məqamlar var ki, onları qısa zaman kəsiyində unutmaq mümkün deyil. Son 1 əsr ərzində başımıza gələn faciələri qısa zaman kəsiyində unuda bilmərik. Unutqan olduq deyə, başımıza dəfələrlə müsibətlər gəldi. Təbii ki, dövlətlərarası münasibətlərin normallaşmasında, regionda sülh və sabitliyin bərqərar olmasında AMİP olaraq maraqlı olduğumuzu ifadə edirəm. Erməni cəmiyyəti Azərbaycana, Türk dünyasına qarşı aqressiyasından geri çəkilməlidir. Sözdə deyil, əməldə qarşılıqlı etimad mühitinin yaranmasına səbəb olacaq addımlar atılmalıdır. Sülh müqaviləsinin imzanması üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Bundan sonra etimad mühitinin formalaşması ilə bağlı fikirlər söyləmək mümkündür".
AMİP sədri qeyd edib ki, Ermənistan siyasi partiyalarının Azərbaycanda fəaliyyət göstərən partiyalarla gələcəkdə müəyyən platformalarda, hansısa formalarda fəaliyyət göstərməsi, əməkdaşlıq etməsi, cəmiyyətdə etimad mühitinin formalaşması üçün birgə addımlar atması mümkündür:
"AMİP olaraq 2008-ci ildə Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası ilə əməkdaşlıqdayıq. Bu platforma çərçivəsində keçirilən tədbirlərdə Ermənistandan üç partiya təmsil olunur. Onlardan biri eks-prezident Serj Sarksiyanın Respublika Partiyasıdır. Sarksiyanın da Azərbaycana və xalqımıza qarşı münasibəti bəllidir. Xocalı soyqırımında əli günahsız insanların qanına batmış şəxsin rəhbərlik etdiyi partiyada azərbaycanlılara, Türk dünyasına qarşı münasibəti aydındır. Biz bunu dəfələrlə, onların çıxışlarında, açıqlamalarında görmüşük. O
Bir daha deyirəm, sülh və sabitliyin tərəfdarıyq. Bu kontekstdə əməkdaşlığa da hazırıq və açığıq. Lakin heç bir halda keçmişi unutmaq olmaz. Keçmişdə baş verənləri yadda saxlamaqla proseslərə istiqamət vermək lazımdır. Bir daha altından xətt çəkərək deyirəm ki, vəziyyətin pisləşməsinə səbəb Ermənistan tərəfi olub. Bu gün Paşinyan və administrasiyası tərəfindən müəyyən etiraflar edilir. Ermənistan cəmiyyəti tərəfindən də bu etiraflar edilməlidir".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan-Ermənistan münasibətərinin normallaşması və sülh sazişinin paraflanmasında Vaşinqton görüşünün mühüm rol oynadığını deyib:
"Əslində bu görüş iki dövlət arasında uzun illərdən bəri gedən düşmənçilik və qarşılıqlı etimzadsızlıq mühitinin aradan qaldırılmasında yeni mərhələnin əsasını qoyub. Bu baxımdan artıq təmaslar dövlət başçıları səviyyəsindən çıxaraq, hakimiyyətin digər qolları arasında da özünü ifadə etməyə başlayıb. Baş nazirlər müavinlərinin görüşləri, eyni zamanda, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin Azərbaycanda keçirilən beynəlxalq konfransında iştirakı dediklərimizə sübut ola bilər. Yəqin ki, proses davam edəcək. Növbəti mərhələdə biz qeyri-hökumət təşkilatlarının da, mətbuatın da qarşılıqlı səfərlərinin şahidi olacağıq. Bu, təbii ki, iki dövlət və xalqa arasında etibarın və inamın inkişafına öz töhfəsini verəcək”.
Partiya sədri Azərbaycan və Ermənistan siyasi partiyalarının təmaslar qurmasının prespektivni görmür:
"Çünki Paşinyanın rəhbərlik etdiyi iqtidar partiyasından başqa siyasi təşkilatlar revanşizm və millətçilik hisslərini daşıyır və Azərbaycanın uğurlarını qəbul etmir, ya da başa düşmürlər. Bu cür partiyalarla bizim münasibətlərin yaranmasının hər hansı prespektivi yoxdur. Paşinyanın rəhbərlik etdiyi partiyanın ola bilsin ki, gələcəkdə iqtidar kimi Yeni Azərbaycan Partiyası ilə münasibətləri yarana bilər. Şəxsən başqa partiyaların adından nəsə deyə bilmərəm. Lakin bizim partiya indiki durumda Ermənistan siyasi partiyaları ilə əməkdaşlıq etməyi düşünmür. Gələcəkdə yeni partiyalar yarana bilər. Daha konstruktiv, Azərbaycana düşmənçilik bəsləməyən, mehriban qonşuluq şəraitində yaşamağı əsas götürən, mənasız iddiaları kənara qoyan partiya yaranarsa, onda əməkdaşlıq edə bilərik”.
Azad Vətən Partiyasının sədri Akif Nağı sorğumuza belə cavab verib:
"Vaxtilə torpaqlarımız işğal altında olanda Azərbaycan və Ermənistan münasibətlərinin tam əleyhinə idik. Həmin dövrdə bizim bəzi partiyalarımız Ermənistan siyasi partiyaları ilə müxtəlif yerlərdə görüşür, tədbirlərdə birgə iştirak edirdilər. Avropa qurumlarının təşəbbüsü, maliyyəsi ilə təşkil olunan görüşlər, cəmiyyətlərarası, partiyalararası dialoq kimi təqdim olunurdu. Həmişə onu tənqid etmişdik. İndi təbii ki, situasiya dəyişib, torpaqlarımız işğaldan azad edilib, Ermənistan məğlub vəziyyətdədir. Münasibətlər həm rəsmi, həm də qeyri-rəsmi cəmiyyətlər səviyyəsində bərpa olunur. Ekspertlərimiz İrəvanda keçirilən tədbirlərdə iştirak edir. Ancaq mənim mövqeyim belədir ki, bu məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Ermənilər daim Azərbaycana qarşı həmləyə, hücuma hazırdılar. Onlar Azərbaycanın qalib olduğu indiki vaxtda özlərini guya bizimlə münasibəltərdə maraqlı tərəf kimi göstərirlər. XX əsrdə bizə qarşı azı iki dəfə soyqırımı aktı həyata keçiriblər. Bunların hamısını biz bağışlamışıq. 70 il - 1920-1990-cı illər ərzində ermənilərlə xoş münasibətlər quruldu, onlara hər cür şərait yardıldı. Sonradan yenə Azərbaycana xəyanət etdilər. Ona görə də bu münasibətlərə ehtiyatla yanaşılmasının tərəfdarıyam. Onlarla isti münasibətlərin tərəfdarı deyiləm. Ermənistan siyasi partiyaları ilə görüşmək niyyətimiz yoxdur. Kimlərsə görüşmək istəyirsə, onlara tövsiyə edirik ki, həddindən artıq ehtiyatlı davransınlar. Erməniləri çox yaxına buraxmaq olmaz. Xankəndidə son terror cəhdi buna açıq nümunədir. Halbuki həmin adam Azərbaycanı sevdiyini deyirdi".
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib ki, Azərbaycanla Ermənistan arasında etimadın yaranması və sülhün əldə edilməsi üçün məqsədyönlü işlər görülməlidir:
"İlk növbədə rəsmi səviyyədə qarşılıqlı münasibətlərin yaradılması vacibdir. Bununla bağlı ilkin addımlar atılır, dövlət rəsmiləri səviyyəsində dialoq mövcuddur. Artıq Bakıya və İrəvana rəsmi səfərlər də müşahidə edilməkdədir. Nəticə əldə edilməsi üçün bunun inkişaf etdirilməsi tələb olunur".
Müsahibimiz vurğulayıb ki, iki ölkənin siyasi partiyaları arasında münasibətlərin qurulması tələb olunsa da, hələ tezdir:
"Bunun üçün ilkin şərtlər yerinə yetirilməyib. Hazırda iki ölkənin siyasi partiyaları arasında onlayn qaydada da heç bir dialoq yoxdur. Düşünürəm ki, ilkin addımları həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyətdə olan partiyalar atmalıdırlar. Bundan sonra iqtidara yaxın və müxalif partiyalar arasında münasibətlərin qurulmasından danışmaq olar".
AĞ Partiya sədri Tural Abbaslı isə ümumiyyətlə iki ölkə arasında sülh proseslərinə skeptik yanaşdığını deyib:
"Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi ölkəmizin maraqlarına uyğun deyil. Bizə lazım deyil. Əsas səbəblərindən biri odur ki, Ermənistan hər zaman öz imzasına hörmətsiz mövqeyilə seçilib. Hər zaman sülhü, atəşkəs razılaşmalarını o pozub. 10 noyabr 2020-ci il bəyanatına uyğun olara separatçı qüvvələrin ərazilərimizdən çıxarılmasını, azərbaycanlıların ora qayıdışını təmin etmədilər. Mina xəritələri və silahları təhvil vermədilər. Əksinə orada yenidən "artsax" qurmağa başladılar. Və Azərbaycan 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirdi, 200-dək şəhid verdik. Ermənilər öz imzalarına hörmət qoyub sözlərinə əməl etsəydilər, 200 şəhid verməzdik. O baxımdan bu məsələyə həmişə skeptik yanaşmışam. Etimad mühiti quruculuğu proseslərində AĞ Partiya olaraq iştirak etməmişik, etməyəcəyik də. Buna inanmırıq, inanmayacağıq. Müharibədən sonra Azərbaycan qeydiyyatda olan ermənilərə ərazimizdə qalmağı təklif etdikdə, 3-5 nəfər buna razılaşdı. Bu adamlardan biri bu yaxınlarda əlində qumbara Azərbaycan polisinə hücum etdi. Yəni terrorçuluq bunların xislətində var. Belə bir dövlətin siyası qüvvəsilə hər hansı əməkdaşlıq etməyin mənası yoxdur".
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə sualımızı belə cavablandırıb:
"Bu suala partiyamızın növbəti Məclisindən sonra qayıtsaq, yaxşı olar. Böyük ehtimalla Məclisdə bu məsələ də müzakirə olunacaq".