Modern.az

Rusiya və Qərb bazar günü Moldovada “savaşacaq” - TƏHLİL

Rusiya və Qərb bazar günü Moldovada “savaşacaq” - TƏHLİL

Analitika

26 Sentyabr 2025, 08:57

Sentyabrın 28-də Moldovada parlament seçkiləri keçiriləcək. Seçki yalnız daxili siyasi rəqabətlə məhdudlaşmır, həm də Qərblə Rusiya arasında mübarizənin mühüm mərhələsinə çevrilib. Bazar günü baş tutacaq seçki Moldovanın son illərdə qarşısında dayanan ən böyük sınaqlardan biridir.

Moldova Avropa İttifaqına inteqrasiya yolunu seçsə də, ölkə daxilində hələ də güclü Rusiyayönümlü qüvvələr qalmaqdadır. Hazırda hakimiyyətdə olan Qərbyönümlü qüvvələr Rusiyanın seçkilərə müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.

Seçki sistemi necə işləyir?

Moldova parlamenti 101 deputatdan ibarətdir və proporsional seçki sistemi əsasında formalaşdırılır. Seçkiyə qatılan partiyalar üçün keçid həddi 5 faiz, bloklar üçün 7 faiz, müstəqil namizədlər üçün isə 2 faizdir. Bu dəfə səsvermə hüququna 3,3 milyona yaxın seçici malikdir. Ölkə daxilində və xaricdə ümumilikdə 2274 seçki məntəqəsi açılıb, onların 301-i xaricdədir. İlk dəfə olaraq ABŞ, Kanada və Yaponiyada poçtla səsvermə tətbiq ediləcək.

Kimlər mübarizə aparır?

Seçkilərdə əsas mübarizə hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) ilə rusiyayönümlü Vətənpərvər Seçki Bloku (BEP) arasında gedəcək.

Hakim partiya 2016-cı ildə haızrkı prezident Maya Sandu tərəfindən yaradılıb. Parlament sədri İqor Qrosunun rəhbərlik etdiyi partiya 2021-ci ildə 52,8 faiz səs toplayaraq təkbaşına hökumət qurub. PAS liberal-demokrat platformaya əsaslanır, Avropa İttifaqı ilə yaxınlaşmanı prioritet götürür və diasporadan güclü dəstək alır.

Onun əsas rəqibi olan Vətənpərvər Seçki Bloku isə Sosialistlər Partiyası, Kommunistlər Partiyası, eləcə də İrina Vlah və Vasili Tarlevin rəhbərlik etdiyi partiyaların birləşməsindən ibarətdir. 

Sosialistlər və Kommunistlər əvvəllər Moldovaya rəhbərlik edib, Rusiyayönümlü siyasətləri ilə yadda qalıb. 

İrina Vlah Moldovanın Ürəyi Partiyasının lideridir, o  2015-2023-сü illərdə ölkənin muxtar ərazisi olan Qaqauziyanın başçısı olub. Pravoslav xristian türkdilli qaqauzlar seçkilərdə əsasən Rusiyayönümlü qüvvələri dəstəkləyir, bu dəfə də vəziyyətin dəyişməyəcəyi gözlənilir.

Vasili Tarlev 2001-2008-ci illərdə Baş nazir vəzifəsini tutub. O, Moldovada Rusiyanın dostları ictimai təşkilatının sədridir. Bu yaxınlarda Rusiyaya səfər edərək bir sıra rəsmilərlə görüşüb.

Moldova siyasətində son illərin mühüm elementlərindən biri də qadağan edilmiş Şor Partiyasının kölgəsidir. Lideri İlan Şor maliyyə maxinasiyaları və Kremlə bağlı fəaliyyətinə görə ölkədən qaçsa da, onun şəbəkəsi müxtəlif yollarla təsir imkanlarını saxlamağa çalışır. Qaqauziyada baş verən hadisələr, keçmiş başqan Yevgeniya Qutsulun həbsi və Şorla bağlı “Qələbə” blokunun MSK tərəfindən rədd edilməsi bunun nümunəsidir.

Diaspora bu dəfə də seçkilərin həlledici qüvvəsi ola bilər. 2024-cü ildə keçirilən referendum və prezident seçkilərində ölkə daxilində rusiyayönümlü namizədlər öndə olsa da, xaricdə yaşayan moldovalıların səsləri nəticəni dəyişib. Prezident Sandu yenidən diasporaya ümid edir, çünki ölkə daxilində PAS-ın təkbaşına çoxluğu qazanması çətin görünür.

Seçkilər ərəfəsində Rusiya faktorunun müdaxiləsi ilə bağlı ciddi xəbərdarlıqlar səslənir. Moldovanın hüquq-mühafizə orqanları və Qərb institutları Kremlə bağlı şəbəkələrin qanunsuz maliyyələşmə, dezinformasiya və seçkidən sonrakı etirazların təşkilinə hazırlaşdıqlarını bildirirlər. Son aylarda İrina Vlah və digər rusiyayönümlü siyasətçilərə qarşı sanksiyalar tətbiq olunub, bəzi hallarda isə bank hesabları dondurulub. Kanada, Polşa və Litva kimi ölkələrin bu prosesdə fəal iştirak etməsi Moldovanın seçimlərinin qlobal maraqlara toxunduğunu göstərir.

Rəy sorğuları PAS-ın birinci yeri qoruyacağını, lakin təkbaşına çoxluğu itirə biləcəyini göstərir. Rusiyayönümlü blok isə təxminən 30 faizə yaxın dəstəyə sahibdir. Alternativa bloku və Bizim Partiya da parlamentə düşə biləcək real namizədlər sayılır. Bu isə seçkidən sonra koalisiya danışıqlarının qaçılmaz olacağını göstərir.

Moldova qarşısında üç əsas ssenari dayanır: PAS və mərkəzçi qüvvələrin koalisiyası və Avropa kursunun davamı; rusiyayönümlü blokun güclənməsi və Moskva ilə yaxınlaşma; yaxud parçalanmış parlament və uzunmüddətli siyasi qeyri-müəyyənlik.

Sentyabrın 28-də Moldovada keçiriləcək səsvermə ölkənin gələcək yolunu müəyyən etməklə yanaşı, Rusiya ilə Qərb arasındakı qarşıdurmanın yeni bir mərhələsini də formalaşdıracaq. Bu səbəbdən seçkinin nəticələri təkcə Kişinyovu deyil, regionun təhlükəsizlik və sabitlik perspektivlərini də müəyyən edəcək.

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur