Modern.az

Rusiya Moldovada da RƏDD EDİLDİ

Rusiya Moldovada da RƏDD EDİLDİ

Analitika

29 Sentyabr 2025, 09:52

Sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Modern.az xəbər verir ki, Moldova Prezidenti Maya Sandunun liderlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası səslərin 49,99 faizini qazanaraq seçkidən qalib çıxıb.

Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, bülletenlərin 99,47 faizi artıq sayılıb, seçici fəallığı isə 52 faiz təşkil edib.

Yeni parlamentdə Sandunun partiyası ilə yanaşı, müxalif Vətənpərvərlər Bloku, Alternativ Blok, eləcə də Vasile Kostyukun rəhbərlik etdiyi “Evdə Demokratiya” və Renato Usatının lideri olduğu “Bizim Partiya” təmsil olunacaq.

Vətənpərvərlər Bloku 24,28 faiz səs qazanaraq ikinci yerdə qərarlaşıb. Bu blokun əsasını keçmiş prezidentlər İqor Dodonun Sosialistlər Partiyası və Vladimir Voroninin Kommunist Partiyası təşkil edir. Onlara həmçinin Qaqauziyanın sabiq rəhbəri İrina Vlahın “Moldovanın Ürəyi” partiyası və sabiq baş nazir Vasili Tarlevin “Moldovanın Gələcəyi” partiyası qoşulub. Siyasi təcrübələri və Moskva ilə sıx əlaqələri ilə tanınan bu liderlərin seçki kampaniyası Moldovanın yenidən Rusiyaya istiqamətlənməsi ehtimalını gücləndirirdi.

Sandunun partiyası isə əksinə, Qərbyönümlü seçicilərin əsas ünvanı olaraq Avropa inteqrasiyasını prioritet elan edib. 2016-cı ildə yaradılan PAS qısa müddətdə ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib. Xüsusən də xaricdə yaşayan moldovalılar bu partiyanın qələbəsində həlledici rol oynayırlar. Diasporanın səsləri əvvəlki prezident və referendum seçkilərində olduğu kimi bu dəfə də hakimiyyətin mövqeyini gücləndirib.

Seçki kampaniyası dövründə Avropa İttifaqının və böyük dövlətlərin Sanduya açıq dəstəyi diqqətdən yayınmayıb. Aİ qarşıdakı iki il üçün Moldovaya 1,9 milyard avro vəsait ayırıb, ABŞ isə enerji təhlükəsizliyi layihələrinə yüz milyonlarla dollar investisiya yatırıb. Avropa liderlərinin Kişinyova səfərləri, Moldova-Aİ zirvə toplantısı və Rumıniya prezidentinin üzvlük üçün konkret tarix səsləndirməsi seçkilərin əhəmiyyətini daha da artırıb.

Moldova parlamentinin ötən il qəbul etdiyi milli təhlükəsizlik strategiyasında Rusiya ilk dəfə rəsmi şəkildə əsas təhdid kimi göstərilib. Əgər seçkilərdə Rusiyayönümlü blok qalib gəlsəydi, ölkənin xarici siyasət kursu dəyişə, Aİ-yə inteqrasiya prosesi dayandırıla bilərdi. Bu isə həm Ukrayna, həm də bütövlükdə Avropa üçün yeni təhlükələr yaradardı. Xüsusilə də Dnestryanı bölgəsindəki Rusiya hərbi kontingenti nəzərə alındıqda, Moldovanın platsdarma çevrilməsi ehtimalı real idi.

Ekspertlər deyir ki, Qərb hələlik Moldovada qalib çıxmış kimi görünür, amma Rusiya təhlükəsi sovuşmayıb...

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! ABŞ zirehli texnikaları Rusiya sərhədinə GƏTİRİLDİ