Modern.az

Türkiyədə Azərbaycana qarşı qarayaxma aparanlar kimlərin adamıdır?

Türkiyədə Azərbaycana qarşı qarayaxma aparanlar kimlərin adamıdır?

Analitika

2 Oktyabr 2025, 14:25

Son aylarda Türkiyənin bəzi media qurumlarında və sosial media hesablarında Azərbaycana qarşı saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. “Yeni Akit” və digər oxşar nəşrlərdə aparılan bu kampaniyalar Azərbaycan-İsrail münasibətləri üzərindən qurulur. Azərbaycan guya İsrailə müharibədə dəstək verməkdə ittiham edilir, halbuki rəsmi Bakı daim “iki dövlətli həll yolu”nu dəstəklədiyini açıq bəyan edib.

Azərbaycanın dəfələrlə verdiyi rəsmi açıqlamalara və təkziblərə baxmayaraq, dezinformasiyaların tirajlanması davam edir. Hətta BMT-nin 80-ci sessiyası çərçivəsində yayılan saxta fotolar buna bariz nümunədir: iddia edilirdi ki, Azərbaycan nümayəndə heyəti Netanyahunun çıxışını dinləyib və alqışlayıb. Halbuki BMT müzakirələri açıq şəkildə canlı yayımlanır, Azərbaycanın media nümayəndələri də prosesi yerində işıqlandırıblar. Hamının gözü qarşısında baş verən bir tədbirə saxta foto montajları ilə “rəng qatmaq” yalnız kampaniyanın məqsədyönlü xarakterini göstərir.

Təəssüf ki, bu kampaniyaya "Hürriyət" və "Sabah" kimi nüfuzlu qəzetlər də qoşulub. Azərbaycanın rəsmi qurumları dəfələrlə saxta xəbərləri təkzib etsə də, bəzi media qurumları yalan yaymağa davam edirlər. Türkiyə rəsmiləri məlumatları hələlik təkzib etməyib. Türkiyə hakimiyyətindəki mənbələr saxta xəbərlərlə bağlı araşdırma aparıldığını bildirib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) deputatı Tuğrul Türkeş məsələni Modern.az-a şərh edərkən bildirib ki, bu tip dezinformasiyaların qarşısını almaq çətin olsa da, onların xarici xüsusi xidmət orqanlarının fəaliyyəti ilə əlaqəli olması şübhə doğurmur:

“Zaman-zaman müxtəlif ölkələrin xüsusi xidmət orqanları xalqlar arasında münasibətləri korlamaq üçün belə kampaniyalara əl atırlar. Bu xəbərləri yayan şəxslərin adının Əhməd və ya Məmməd olması fərq etmir. Məqsəd Türkiyə ilə Azərbaycan arasında süni gərginlik yaratmaqdır. İllər əvvəl Qazaxıstanda da oxşar təxribatlar törədilmişdi, guya qazaxlar türkləri döyürdü. Sonradan məlum oldu ki, bu, cüzi və əhəmiyyətsiz hadisə olub, amma qəsdən şişirdilər. Bu gün də Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlığı, hər iki ölkənin regional uğurları bəzi qüvvələrdə qısqanclıq yaradır. Ona görə də bu xəbərlərə çox da önəm vermək lazım deyil. Türk milləti də, Azərbaycan xalqı da kifayət qədər ayıqdır”.

Deputat həmçinin əlavə edib ki, Türkiyə və Azərbaycanın hər mövzuda eyni mövqedən çıxış etməsi zəruri deyil:

“Hər iki ölkə müstəqildir. Azərbaycanın öz şərtləri, enerji siyasəti var. Mən Rusiya ilə pomidor ixracı ilə bağlı addım atanda Azərbaycan eyni addımı təkrarlamaq məcburiyyətində deyil. Eyni ilə Azərbaycan da neftlə bağlı qərar verərkən Türkiyənin reaksiyasını hesablamır. Beynəlxalq münasibətlər mürəkkəbdir, bu səbəbdən ucuz mediada yayılan şayiələrə qapılmaq olmaz. Azərbaycanın hər hansı yanlış addımı yoxdur. Ölkə ədalətli siyasət yürüdür, torpaqlarını işğaldan azad edib və Ermənistanı real nəticələrlə üz-üzə qoyub. Bu uğurlar bəzilərini narahat edir”.

MHP deputatı Kamil Aydın isə qeyd edib ki, bəz dairələri uzun müddətdir Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətini zəiflətməyə çalışır, indi isə Türkiyə ilə Azərbaycanı hədəf alıblar:

“Süni intellektin sürətli inkişafının mənfi tərəflərindən biri odur ki, manipulyativ informasiyalar həqiqətdən daha sürətlə yayılır və daha çox təsir edir. Bu, xüsusən də beynəlxalq siyasətdə özünü göstərir. Dünən Avropa İttifaqı və Avropa Şurasının qrantları ilə Türk Dövlətləri Təşkilatının yolunu kəsməyə çalışanlar, bu gün Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alırlar. Amma kim nə desə də, Türkiyə ilə Azərbaycan, eləcə də TDT-yə üzv dövlətlər “Türk əsri” vizyonu ilə daha sıx əməkdaşlıq etməyə davam edəcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ