Modern.az-ın “Azərbaycandakı xarici ölkələr” layihəsinin budəfəki mövzusu İtaliyaya həsr olunur.
Avropanın nüfuzlu ölkələrindən hesab edilən, “Böyük Yeddiliy”in üzvü İtaliya Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir.
Hazırda İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdədir.
O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirib.
İtaliya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və 1997-ci ildən Bakıda səfirlik açıb.
İlk mərhələdə əlaqələr daha çox enerji sahəsində iqtisadi maraqlarla məhdudlaşsa da, zamanla mədəniyyət, təhsil və təhlükəsizlik məsələlərini də əhatə edib.
Hazırda səfir postunu Luka Di Cianfrançesko tutur (2024-cü ilin mayından). Səfirlik Bakı şəhərinin mərkəzində yerləşir.
Azərbaycanın Romadakı səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir. Hazırda səfir postunda Rəşad Aslanovdur.
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada səfərdə olub.
İtaliyanın Baş naziri Meloni isə COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlmişdi.
Azərbaycandakı italiyalılar, İtaliyadakı azərbaycanlılar
Azərbaycanda italiyalıların icması kiçikdir. Hazırda ölkədə yüzə yaxın italyalı yaşayır. İtaliyadakı Azərbaycan icması isə daha böyükdür, 2024-cü il statistikasına görə, təxminən 1 100 Azərbaycan vətəndaşı İtaliyada rəsmi rezident kimi qeydiyyata alınıb.
Qeyri-rəsmi məlumatlarda isə bu ölkədə yaşayan soydaşlarımızın sayının bir neçə dəfə daha çox olduğu bildirilir.
Hazırda İtaliyada azərbaycanlılara məxsus bir neçə diaspora təşkilatı fəaliyyət göstərir.
İqtisadi əməkdaşlıq
İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Dövlət Statistika Komitəsinin 2025-ci il göstəricilərinə görə, xarici ticarət dövriyyəsinin 26 faizi İtaliyanın payına düşür. Əsas ixrac məhsulu neft və qaz, idxalda isə avadanlıqlar, mexanika, kimya məhsulları və qida sənayesi üstünlük təşkil edir.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb ki, bu, 18 milyard 122 milyon dollardır.
İtaliyanın ən böyük şirkətləri Azərbaycanda fəal şəkildə iştirak edir.
“Snam” Trans-Adriatik Qaz Kəmərinin (TAP) səhmdarı olaraq Azərbaycan qazını Avropaya çatdırır. “Saipem” isə bp ilə Xəzərdə dəniz əməliyyatlarında mühəndislik və tikinti xidmətləri göstərir.
“Ansaldo Energia” Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” İstilik Elektrik Stansiyasının turbinlərini təmin edib.
“Danieli” Sumqayıtda iri metallurgiya klasterinin qurulmasında iştirak edir.
“Leonardo” Azərbaycana AW139 və AW189 tipli helikopterlər təhvil verib.
SOCAR 2025-ci ildə İtaliyanın ən iri yanacaq şirkətlərindən biri olan “Italiana Petroli”nin (IP) alınması barədə razılaşma imzalayıb.
Bu addım Azərbaycanın Avropa bazarında mövqeyini daha da gücləndirəcək.
Təhsil, mədəniyyət
Azərbaycan və İtaliya arasında ən mühüm təhsil layihəsi İtaliya-Azərbaycan Universitetidir.
ADA Universitetinin bazasında yaradılan bu ali məktəb Politecnico di Milano, Politecnico di Torino, Sapienza, Bolonya və Luiss kimi aparıcı İtaliya universitetləri ilə əməkdaşlıq edir. Burada mühəndislik, aqrar və sosial elmlər üzrə birgə proqramlar həyata keçirilir. Bu gün universitet binasının açılması nəzərdə tutulub.
İtaliya universitetləri azərbaycanlıların ən çox üz tutduğu ali təhsil ocaqlarından hesab edilir. Bu ölkənin universitetləri xaricdə təhsil üzrə dövlət proqramına da daxil edilib. Sonuncu ilin nəticələrinə görə, 10 tələbə İtaliya universitetlərində dövlət hesabına oxuyacaq.
İtaliya səfirliyi Bakıda mütəmadi olaraq film festivalları, memarlıq sərgiləri və mədəni tədbirlər təşkil edir.
Hərbi əməkdaşlıq
Hərbi sahədə müəyyən əməkdaşlıq mövcuddur. İtaliyanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin nümayəndələri bu il Azərbaycana səfərlər ediblər. İtaliyanın “Leonardo” şirkətinin helikopterləri mülki müdafiə, axtarış-xilasetmə və tibbi xidmətlərdə istifadə olunur. Şirkət tərəfindən istehsal edilən “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi isə ötən il silahlanmaya qəbul edilib.
Beləliklə, Azərbaycan-İtaliya münasibətləri artıq ənənəvi diplomatik çərçivəni aşıb, iki ölkə arasında strateji tərəfdaşlıq model qurulub.
Bu tərəfdaşlığın təməlində enerji əməkdaşlığı mühüm rol oynasa da, təhsil, mədəniyyət, elm və innovasiya sahələrində atılan addımlar münasibətlərin yeni üfüqlərə çıxmasına imkan yaradır.
Azərbaycan Avropanın, xüsusən də İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Trans-Adriatik qaz kəməri ilə Cənubi Qafqazdan çıxan Azərbaycan qazı Brindiziyə qədər uzanır və bu xətt həm Azərbaycan üçün, həm də Avropa üçün strateji arteriyadır. İqtisadi rəqəmlər də bu reallığı təsdiqləyir, İtaliya illərdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Neft və qaz ixracının böyük bir qismi məhz bu ölkəyə gedir.
Eyni zamanda İtaliya şirkətləri Azərbaycanda böyük layihələr həyata keçirirlər. Bu, münasibətlərin birtərəfli deyil, qarşılıqlı maraqlara əsaslandığını göstərir. ADA Universitetinin bazasında təsis edilən İtaliya-Azərbaycan Universiteti iki xalq arasında gələcək bağların möhkəmlənməsi üçün simvolik bir körpüdür.ə
Azərbaycan üçün İtaliya həm də Avropa İttifaqında mühüm tərəfdaşdır. Roma Bakının Avropa ilə münasibətlərində körpü rolunu oynayır, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin güclənməsinə dəstək verir. Bu günün reallığında Azərbaycan İtaliyanın enerji təhlükəsizliyi üçün strateji təminatçı, İtaliya isə Azərbaycanın Avropa bazarlarına çıxışı üçün etibarlı tərəfdaşdır.
İki ölkənin yolları həm iqtisadiyyatda, həm də mədəniyyətin yumşaq gücündə kəsişir.
Modern Təhlil və Araşdırma Qrupu