Modern.az

Azərbaycan Qəzzaya sülhməramlılar GÖNDƏRƏ BİLƏR

Azərbaycan Qəzzaya sülhməramlılar GÖNDƏRƏ BİLƏR

Analitika

2 Oktyabr 2025, 17:00

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Qəzzadakı müharibəni dayandırmaqla bağlı planını açıqlayıb. 

Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin dəstəklədiyi plana əsasən, Qəzza beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə veriləcək. Vəziyyəti sabitləşdirmək üçün orada beynəlxalq qüvvələr də yerləşdiriləcək. 

Qəzzaya sülhməramlıların müsəlman ölkələrindən təyin ediləcəyi bildirilir.

Maraqlıdır ki, Azərbaycan da əraziyə sülhməramlı yollayacaq?

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, ABŞ prezidenti Donald Trampın sülh uğrunda mübarizəsi diqqətəlayiqdir:

“Məhz Tramp Azərbaycan-Ermənistan qarşıdurmasının məntiqi sonluğa çatmasına nail oldu, Taylandla Kamboca arasında başlanan hərbi münaqişəni dayandırdı, eləcə də Rusiya-Ukrayna müharibəsi istiqamətində müəyyən addımlar atdı. Həmçinin bu gün ABŞ lideri İsrail-Fələstin qarşıdurmasının qarşısının alınması üçün çox ciddi addımlar atır. Tramp planı rasionaldır. Sülhməramlıların əraziyə yerləşdirilməsi təklifi maraqlıdır. Sülhməramlıların islam ölkələrindən olması ilə bağlı nüans Trampın bütün incəlikləri nəzərə aldığını göstərir”.

Deputat vurğulayıb ki, Azərbaycanın islam dünyasının aparıcı ölkələrindən biridir:

“Azərbaycan ərəb ölkələri arasında böyük nüfuza malikdir. Ölkəmiz Fələstin xalqının maraqlarını nəzərə alaraq, öz mövqeyini tutub və müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Azərbaycanda Fələstin səfirliyi fəaliyyət göstəir. Orada müharibənin dayandırılması və məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Müharibə bitib, quruculuq işləri başlayanda  Azərbaycan orada orta məktəb tikməyi indidən boynuna götürüb. Eyni zamanda bu günlərdə 10 fələstinli tələbə Azərbaycanın ali məktəblərinə imtahandan kənar qəbul edilib. Azərbaycan dövləti hesabına onların təhsil haqları ödəniləcək və yaşayış yeri ilə təmin olunacaqlar. Fələstin məsələsində Azərbaycan əmin-amanlığın təmini üçün çalışan ölkə kimi çıxış edir. Bu gün Azərbaycan Fələstin məsələsinin tezliklə həll edilməsinin tərəfdarıdır”.

Parlamentari söyləyib ki, Azərbaycanın Qəzzaya sülhməramlılar göndərməsi mümkündür:

“Qəzzada sülhməramlıların yerləşdirilməsi təklif olunsa və  Azərbaycanın da iştirakı arzu edilsə, məsələnin  müzakirəsi aparıla bilər. Düşünürəm ki, Azərbaycanın prosesdə iştirakı mümkündür. Azərbaycan sülhməramlıları dünyanın müxtəlif yerlərində sülh yaratmaq prosesində iştirak ediblər. Əfqanıstandan ən son çıxan Türkiyə və Azərbaycan hərbi kontingenti olub. Videogörüntülər var ki, bizim sülhməramlılarımıza müraciət edən yerli əhalinin təhlükəsizliyinin təmin edilməsində çox yaxşı fəaliyyət göstəriblər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ