Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bölgənin yeni geosiyasi və iqtisadi reallığını müəyyənləşdirib. Sənəd Azərbaycanla Naxçıvan arasında maneəsiz quru bağlantını təmin etməyi nəzərdə tutur və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində ən konkret addım kimi qiymətləndirilir.
Azərbaycan bu marşrutu Zəngəzur dəhlizi adlandırır. Rəsmi Bakı illərdir bu layihəni yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik və regional əməkdaşlıq məsələsi kimi təqdim edir. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən son Zirvə toplantısında bu mövzuya yenidən toxunub və Zəngəzur dəhlizinin Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xəttləri üçün alternativ arteriya rolunu vurğulayıb.
Lakin İrəvan bu terminə qarşı çıxmaqda davam edir. Ermənistan hökuməti “Zəngəzur dəhlizi” ifadəsinin özlərinə aid olmadığını bildirərək məsələni daxili siyasi təzyiq vasitəsinə çevrilməsinin qarşısını almağa çalışır. Bu, bir daha göstərir ki, “Tramp marşrutu” yalnız iqtisadi layihə deyil, Cənubi Qafqazın gələcək güc balansını müəyyənləşdirən siyasi xəritənin başlanğıcıdır.
Ermənistan bu termindən niyə narahatdır?
Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və paralamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bidlirib ki, regional sülhün, təhlükəsizliyin təmin olunması, dayanıqlı sabitliyə nail olunması hərbi və müdafiə sənayesi, təhlükəsizlik sahələrində əməkdaşlıqla yanaşı, iqtisadiyyat, nəqliyyat və digər əlaqəli sahələrdə də hərtərəfli əməkdaşlığı özündə əhatə edir:
“Belə ki, təhlükəsizlik çoxşaxəli, çoxsahəli əməkdaşlığı özündə ehtiva edən məsələdir. Dövlətin iqtisadi gücü və qüdrəti onun hərbi gücü qədər vacibdir ki, o öz xarici siyasətində sərbəst, prinsipial və ardıcıl kurs həyata keçirə bilsin. Bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Zirvə Toplantısının regional təhlükəsizlik və sülh məsələlərinə həsr olunması həm hazırda regional və qlobal miqyasda baş verən çağırışlar, risklər fonunda reallaşdırılır. Həm də TDT üzvü dövlətlərin təhlükəsizliyin təmin olunması və dayanıqlı sülhün qorunması məqsədi ilə həyata keçirdikləri və planlaşdırdıqları əməkdaşlıqların sistemləşdirilməsi və institulaşdırılması perspektivində baş verir.
Bir həftə əvvəl Kopenhagendə toplaşan Avropa Siyasi Birliyində də təhlükəsizlik, iqtisadi təhlükəsizlik, eyni zamanda, ənənəvi və hibrid təhlükələrlə mübarizə məsələsinin gündəmə çıxarıldığının şahidi olduq. Türk dövlətlərinin də yer aldıqları coğrafi məkanların qonşuluğunda aktual və ciddi təhlükəsizlik riskləri yer alır, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki davamlı və silsilə gərglinliklər və s.
İndi isə yeni regional güc mərkəzi kimi formalaşmaqda olan TDT çərçivəsində təhlükəsizlik məsələsinin dövlət başçıları səviyyəsində gündəmə gətirilməsinə şahidlik edirik. Ortaq dəyərlər, dil, mədəniyyət, tarix və din bağları ilə birləşən, bənzər strateji maraqları olan dövlətlər iqtisadi, enerji və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq etmək və birgə hədəflərə nail olmaq istiqamətində öz qətiyyətlərini ortaya qoyurlar. TDT-nin Qəbələ Zirvəsinin gündəminin yeni əməkdaşlıq sahələrinin formalaşdırılması ev sahibi dövlət kimi Azərbaycanın təşəbbüsü ilə Prezident cənab İlham Əliyevin sülh gündəliyindən qaynaqlandığı aydındır. Bu məsələnin uğur qazanması strateji müttəfiqlərimiz, qardaş türk dövlətlərinin verdiyi dəstəyin nəticəsində mümkün olub.
Mərkəzi Asiyadan Türkiyənin Avropa sərhədlərinədək uzanan böyük coğrafi arealda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında türk dövlətlərinin və Azərbaycanın malik olduğu coğrafi mövqeyi və resursları qeyd etmək istərdim. Bu coğrafi mövqenin strateji üstünlükləri və ondan irəli gələn nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıq imkanları və yaradılan infrastruktur Azərbaycanın və Türk Dövlətləri Təşkilatının(TDT) əhəmiyyətini qlobal səviyyədə artırır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni siyasi reallıq və buna uyğun təklif olunan əməkdaşlıq imkanları regionun cəlbediciliyini daha da artırır".
Bu kontekstdə deputat vurğulayıb ki, Ermənistanda Zəngəzur dəhlizinin necə adlandırılması, onun necə təqdim olunması ikinci dərəcəlidir və bu səpkidə müzakirələr əsasən daxili auditoriyaya hesablanıb:
“Cənab Prezident həm BMT, həm də Avropa Siyasi Birliyi səviyyəsində ölkəmizin sülh gündəliyini və onun çərçivəsindəki iqtisadi, enerji, nəqliyyat-tranzit əməkdaşlıq imkanlarını təqdim etdi. Digər dövlətlər tərəfindən bu sülh və əməkdaşlıq gündəliyi təqdir olunur və onlar bu əməkdaşlqıda yer almaq istəyirlər. Nəqliyyat-tranzit təhlükəsizliyinin təmin olunması, artıq ikitərəfli Azərbaycan-Ermənistan əməkdaşlıq müstəvisini aşaraq, regional və çoxtərəfli əməkdaşlıq kontekstində yer alan məsələdir. Şərq-Qərb, Orta Dəhliz artıq təkcə iştirakçı dövlətlər deyil, həm də daha geniş coğrafiyada yer alan dövlətlərin iqtsiadi-siyasi marağında olan bir məsələdir. Bu mənada Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşdırılmasının Prezident Donald Trampın şahidliyi ilə əldə edilən tarixi Vaşinqton razılaşmasında yer almasının əhəmiyyətini bir daha yada salmaq istərdim. Ona görə də Ermənistanda Zəngəzur dəhlizinin necə adlandırılması, onun necə təqdim olunması ikinci dərəcəlidir və daha çox daxili auditoriyaya ünvanlanıb. Hesab edirəm ki, Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşmasına Ermənistanda aparılan bu siyasi diskussiyalar geniş anlamda mənfi təsir edə bilməyəcək. Çünki bu məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra yaratdığı yeni siyasi reallıqlar şəraitində regional sülhə, sabitliyə töhfə verən strateji əhəmiyyətli layihədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi Zəngəzur dəhlizi Şərq-Qərb, Orta Dəhlizlə yanaşı, eyni zamanda Şimal-Cənub dəhlizinin vacib hissəsidir. Bu mənada onun reallaşdırılması hazırki siyasi reallığın şərtləndirdiyi, əməkdaşlığın dərinləşdirilməsi iradəsindən ortaya çıxan məsələdir.
Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib. “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, - deyə dövlətimizin başçısı əlavə edib.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların təqribən 90 faiz artması bunu bir daha təsdiqləyir. Bu dəhliz Vaşinqton görüşünün yekun Birgə Bəyannaməsində də təsbit edildiyi kimi dövlət daxili, dövlətlərarası və beynəlxalq əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi yalnız idxal-ixracı əməliyyatları baxımından deyil, həm də regionada rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından önəmlidir. Çoxşaxəli əməkdaşlığın Zəngəzur dəhlizi vasitəsilə reallaşdırılmasında çoxsaylı dövlətlərin də maraqlı olmasını nəzərə alsaq, onun reallaşdırılması sadəcə zaman məsələsidir, özü də elə də uzaq olmayan zaman məsələsidir".