Oktyabrın 19-da Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərinin qalibi Tufan Ehürman ilk xarici səfərini Türkiyə Cümhuriyyətinə edib. Tufan Erhürmanın növbəti səfərinin Azərbaycana olub-olmayacağı maraq doğurur.
Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası İşçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Tufan Erhürmanın prezident seçilməsindən hələ bir ay keçib:
“Tufan Erhürmanın prezident seçkilərində qalib gəlməsindən cəmi bir ay keçib və hakimiyyətin təhvil-təslim prosesi yenicə başa çatıb. Bu baxımdan Erhürmanın ilk növbədə ana vətən adlandırdıqları Türkiyəyə xarici səfər etməsi təbiidir. Və bunu biz də alqışlayırıq".
İşçi qrupunun sədri vurğulayıb ki, Tufan Erhürmanın ikinci xarici səfərini Azərbaycana etməsi gözlənilir:
"Şimali Kipr Türk Respublikasının yeni seçilən prezidenti Tufan Erhürmanın ikinci xarici səfərinin Azərbaycana olacağını demək çox asandır. Son illərdə Azərbaycanla ilə Şimali Kipr Türk Respublikası arasında intensivləşən münasibətlər onu deməyə əsas verir ki, yeni seçilmiş prezidentinin növbəti xarici səfəri ölkəmizə olacaq.
Ölkələrimiz arasında münasibətlər əvvəlki dövrlərdə olduğu kimi, pozitiv dinamika üzrə inkişafı davam etdirəcək. Şimali Kiprdə hakimiyyətə yeni siyasi partiya nümayəndəsinin gəlməsi Türkiyə və Azərbaycanla münasibətlərə dəyişiklik vəd etmir. Hazırda hər üç ölkə “Bir millət, üç dövlət” prinsipi əsasında öz siyasətini qurur və bütün məsələlərdə vahid platformadan çıxış etməyə səy göstərirlər. O baxımdan Şimali Kipr Türk Respublikası prezidentinin Azərbaycana səfərini proqnozlaşdıra bilərik”.