İsrailin xüsusi xidmət orqanı olan “Mossad”ın keçmiş rəhbəri Yossi Koenin “Azadlıq qılıncı: İsrail, Mossad və gizli müharibə” adlı kitabı işıq üzü görüb.
Modern.az xəbər verir ki, kitabda Yaxın Şərqdə uzun illər davam edən kölgə savaşına dair sensasion məqamlarla bağlı məlumatlar yer alıb. Memuardan bəzi hissələr "Sada News" agentliyi tərəfindən dərc olunub.
Koenin yazdığına görə, İsrailin İranın nüvə proqramına və ballistik raket layihələrinə qarşı birbaşa müdaxilə fəaliyyəti hələ 2000-ci illərin əvvəlində başlayıb.
O dövrdə əldə olunan kəşfiyyat məlumatları Pakistan və Şimali Koreyanın Tehrana nüvə texnologiyaları barədə dəyərli informasiya verdiyini göstərirdi. Bu məlumatlar əsasında o vaxtkı “Mossad” rəhbəri Meir Daqan xüsusi yeni bölmə yaradıb.
İranın dəstəklədiyi qruplar, kiberhücumlar və gizli əməliyyatlar
Yeni bölmə İranın dəstəklədiyi “Hizbullah”, HƏMAS və “İslam Cihadı” kimi təşkilatların fəaliyyətini izləyib, onların obyektlərinə elektron nəzarət sistemləri quraşdırıb. Koen bildirir ki, kiberhücumlardan geniş istifadə olunub, İran daxilindəki bir çox strateji obyektlərə giriş əldə edilib.
“Mossad” əməkdaşları İranın aparıcı generallarına və nüvə mütəxəssislərinə dair ətraflı dosyelər hazırlayıblar, onların gündəlik davranışları, hərəkət qrafikləri və vərdişləri tam şəkildə öyrənilib.

Süleymaninin öldürülməsi əməliyyatı - Koenin hazırladığı plan
Koen kitabında “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi üçün detallı planı şəxsən hazırladığını, planın İsrail kəşfiyyatının rəhbərliyi tərəfindən təsdiqləndiyini yazır. Yeganə etiraz o vaxtkı Baş Qərargah rəisi Aviv Kohavidən gəlib.
Bununla belə, Baş nazir Binyamin Netanyahu əməliyyata dəstək verib və Koenə ABŞ administrasiyasını məlumatlandırmağı tapşırıb.
Koen yazır ki, o ABŞ-a gedərək Süleymani barədə geniş məlumat verib: “Mən onu "kiçik şahzadə" adlandırırdım və amerikalılar əməliyyatın kod adını məhz belə seçdilər”.
Süleymani 2020-ci ilin yanvarında ABŞ tərəfindən həyata keçirilən əməliyyatda öldürülüb. Koen bildirir ki, əməliyyata görə ABŞ onu xüsusi medal ilə təltif edib.
Tel-Əvivdə Koenin evi bombalandı
Koenin sözlərinə görə, ABŞ və İsrailin İranla 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı Tehran əməliyyatlara cavab olaraq onun Tel-Əvivdəki evini raketlə vurub. “İran intiqam aldı, evimi bombaladı”, – deyə o qeyd edir.
Koen iddia edir ki, 12 günlük müharibə nəticəsində İranın hava hücumundan müdafiə sistemi praktiki olaraq sıradan çıxıb:
“İran İsrail təyyarələrini vurmaq üçün heç bir atəş açmadı. Uranın zənginləşdirilməsi üzrə reaktorlar və xüsusi qurğular məhv edildi. İran artıq toxunulmaz deyil”.
“İran rejimini devirmək üçün imkan var idi”
Koen əlavə edir ki, 2025-ci ilin müharibəsi zamanı “molla rejimini” devirmək üçün real imkan yaranmışdı, lakin bu fürsət Təl-Əviv və ya Vaşinqton tərəfindən dəyərləndirilmədi.
Onun fikrincə, İranın strateji zəifləməsinə baxmayaraq, Qərb regionda rejim dəyişikliyinə hələ də qərar verməyib.