Modern.az

Azərbaycandakı rektorlar və 40 il əvvəl Kəlbəcərdəki nənə

Azərbaycandakı rektorlar və 40 il əvvəl Kəlbəcərdəki nənə

Analitika

28 Noyabr 2025, 17:00

Baxmayın ki, biri dağ kəndində yaşayan nənə, digərləri isə özlərini akademik elitanın zirvəsində görən universitet rektorlarıdır. “Bunların nə əlaqəsi var?”, deməyin. Bir az dözün, əlaqəni özünüz görəcəksiniz.

Təxminən ötən əsrin 80-ci illərinin gerçək bir hadisəsini diqqətə çatdırmaq istəyirəm.

Kəlbəcərin ayrım kəndlərindən birindən bir nənə ilk dəfə Bakıya gəlir. Oğlu şəhərdə “yaxşı yerdə işləyən”lər təbəqəsindən imiş. Axşam yemək üçün restorana gedirlər.

Nənə ilk dəfə üst-üstə düzülmüş boşqablar, par-par yanan çəngəl-bıçaq dəstələri, müxtəlif ölçüdə stəkanlar dolu bir süfrə görür. Bu dəbdəbənin məna-məzmununu anlamasa da formadan valeh olur. Oğluna tapşırır ki, bunların eynisini ona alsın. Oğlu anasının tapşırığna əməl edir. Nənə də oğlunun aldıqlarını özü ilə kəndinə aparır.

Üstündən bir az keçir. Günlərin birində kənddə traktorçu nənəgilə odun yükü gətirir. O vaxtkı adətə görə yük gətirən sürücülərə pul və qonaqlıq verərdilər.

Əlqərəz, traktorçu evə dəvət edilir. O, masanı görəndə donub qalır. Özünü Paris restoranında hiss edir.

Üst-üstə qablar, yanlarında çəngəl-bıçaqlar, düşünür ki, yəqin çox böyük qonaqlıq olacaq.

Əvvəlcə masaya əriştə supu gəlir. Traktorçu dünyagörmüş adam imiş, supunu içib ardını gözləyir. Fikirləşir ki, supdan sonra əsas yemək, salat, desert gələr.

Bu vaxt nənə gəlir və bütün qabları yığışdırır.

Traktorçu mat qalır:

Ay nənə, bu qədər qab-qacaq bir kasa sup üçündür? Axı…

Nənə əsəbiləşir:

Kül sənin başına, görməmiş adamsan. Get Bakıya, onda görərsən ki, məndən də çox qab-qacaq düzürlər masaya…

Bunu deyib traktorçunu evdən çıxarır.

Yazıq traktorçu kor-peşman traktoruna minib gedir.

Bizim rektorların çoxu rəhmətlik o nənəni xatırladır. Çoxu elə həmin nənə kimidir. Çini, Amerikanı, Avropanı gəzirlər. Gördüklərinin mahiyyətini unudub şəkilini gətirirlər.

Onların sevimli məşğuliyyəti Çinə gedib “innovasiya konfransı” fotosu paylaşmaqdı. Amerikanı görüb “elm mərkəzləri ilə əməkdaşlıq” statusu yazmaq, Avropaya uçub “ikili diplom” söhbəti açmaqdır.
Baxırsan ki, sosial şəbəkələrdə paylaşdıqlarının hamısı həyata keçirilsəydi, Harvard bunların filialı olardı.

Rektorlarımız gördükləri şeyləri gerçəklik kimi təqdim edirlər. Təəssürat kimi paylaşmırlar. Bir fotonu, bir statusu, bir konfrans salonunu elə yayımlayırlar ki, guya universitetdə elmi inqilab başlayıb.

Halbuki nənə də Bakıda gördüyünü funksiyasını anlamadan Kəlbəcərə gətirmişdi. Süfrə gözəl idi, amma məzmun bir kasa əriştə supu idi.

İndi bir çox rektorlarımızın və universitetlərimizin sosial şəbəkələri də eynilə belədir. Cazibəli paylaşımlar edirlər, amma altında bir şey yoxdur.

Dünya bizi tanıyırmı? Neçə universitet minlikdə yer alır... Bir, iki...
Sosial mediaya baxsan, ABŞ da tanıyır, Asiya da.

Reallığa baxsan heç kim tanımır.

Təsəvvür edə bilirsiniz, hətta Azərbaycan-Türkiyə Universitetindən Türkiyədə rəsmi şəxslərdən savayı heç kimin xəbəri yoxdur.

Ən yüksək bal toplayan gəncləri udan Bakı Ali Neft Məktəbinin xaricdə adı çəkilmir.

Nənənin süfrəsi ilə rektorların sosial media fəaliyyəti arasında təkcə dekorasiya fərqi var.

İkisini birləşdirən əsas nöqsan eynidir.

Gördüyünü kontekstsiz tətbiq etmək. Funksiyanı unudub görüntünü əsas tutmaq. Masanı bəzəmək, amma o masaya nə qoyacaqlarını düşünməmək.

Hörmətli rektorlar!

Azərbaycanın gələcəyinə rəhbərlik edirsiniz.

Məsələ paylaşdığınız statuslarda, konfrans salonlarında, çəkdirdiyiniz fotolarda deyil. Məsələ, universitetdə görünən təhsilin, elmin, tədqiqatın real səviyyəsindədir. Forma ilə sistem qurmurlar. İnkişaf görüntü anlamı verməməlidir.

Elnur ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu