Azərbaycanın son onilliklərdə formalaşdırdığı xarici siyasət kursu regional balansı təmin etməklə yanaşı, qlobal diplomatik müstəvidə də dayanıqlı tərəfdaşlıq arxitekturası yaratmaq səyləri ilə seçilir. İşğala son verən İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni siyasi və təhlükəsizlik reallıqları, nəqliyyat-tranzit marşrutlarının xəritəsinin yenidən cızılması və beynəlxalq sistemdə güc mərkəzlərində baş verən dəyişikliklər Bakının çevik, prinsipial və çoxvektorlu əməkdaşlıq xəttini daha da möhkəmləndirib.
Azərbaycanın 1997–2025-ci illər ərzində imzaladığı çoxsaylı sənədlər ölkənin həm Avrasiya məkanında, həm də Avropa İttifaqı daxilində ciddi strateji tərəfdaşlıq şəbəkəsi formalaşdırdığını göstərir. Dövlətimizin strateji tərəfdaşı olan ölkələr aşağıdakılardır:
Avropa istiqaməti
İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan, Xorvatiya, Albaniya, Litva, Latviya, Polşa, Çexiya, Slovakiya, Moldova, Bosniya və Herseqovina - Avropa ölkələri ilə strateji tərəfdaşlıq sənədlərinin çoxluğu Azərbaycanın həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik sahələrində Avropa məkanında möhkəm siyasi mövqeyə sahib olduğunu göstərir. Bu gün Avropa Siyasi Birliyində təmsil olunan 16 ölkə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir.
Türk dövlətləri ilə siyasi əməkdaşlıq
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Türkiyə - Azərbaycanın bu türk dövlətləri ilə münasibətləri yalnız strateji tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də Türk Dövlətləri Təşkilatı (TDT) xətti ilə çoxsahəli siyasi koordinasiya aparılır.
Asiya istiqaməti
Çin, Pakistan, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - Bu coğrafiyalarda tərəfdaşlıq həm enerji, həm ticarət, həm də təhlükəsizlik məsələlərinə geniş perspektiv açır.
Cənubi Qafqaz və qonşu region
Gürcüstan, Belarus, Ukrayna, Moldova - Bu ölkələrlə əməkdaşlıq nəqliyyat, logistika və regional təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən, uzun müddət diplomatik xidmət orqanlarında çalışmış Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda, eləcə də daxili auditoriyaya ünvanlanan çıxışlarında vurğuladığı kimi, Azərbaycan şanlı zəfərimizdən sonra daha prinsipial, ardıcıl və müstəqil xarici siyasət kursu həyata keçirir.
“Bu xarici siyasət kursu Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dost, tərəfdaşlıq əlaqələrinin yaradılması, bir-birinin daxili işlərinə qarışmamaq və suveren bərabərlik prinsipinə əsaslanan münasibətlərin qurulmasını özündə ehtiva edir. Bizə yaxın, dost mövqeyi ilə seçilən dövlətlərlə isə münasibətlərimiz strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri səviyyəsinə qaldırılır”.

Deputat qeyd edib ki, 1997–2025-ci illər ərzində Azərbaycan Respublikası 25 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Bu dövlətlərin 10-u Avropa İttifaqının üzvü olan dövlətlərdir. Həmçinin Türk Dövlətləri Təşkilatında təmsil olunan bütün dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərimiz var.
“Ümumilikdə götürsək, 16 strateji tərəfdaşımız Avropa Siyasi Birliyində təmsil olunur. Avropa Siyasi Birliyi təşkilat deyil, bu bir dialoq platformasıdır. Amma orada təmsil olunan dövlətlərin 16-sı ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin olması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Əksər dövlətlərlə strateji tərəfdaşlıqla bağlı dövlət başçıları səviyyəsində siyasi xarakterli bəyannamələr imzalanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının bir neçə dövlətlə strateji tərəfdaşlıqla yanaşı münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasını ehtiva edən beynəlxalq müqavilələri var. Bunlar qardaş Türkiyə, Özbəkistan, Qazaxıstandır”.

Deputatın sözlərinə görə, torpaqlarımız işğal altında olan zaman strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas məsələ Ermənistan - Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında həllinə birmənalı dəstəyin təmin edilməsi idi.
“Bu prinsipial və güzəştəgedilməsi heç bir halda mümkün olmayan mövqeni Ümummilli Lider Heydər Əliyev müəyyənləşdirmişdi. Prezident İlham Əliyev də məhz bu prinsipiallığın və ardıcıl xarici siyasət kursunun təmin edilməsini Azərbaycan diplomatiyasının qarşısında hədəf kimi qoymuşdu”.

“Təbii ki, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmaqla torpaqlarımızın işğalına son qoyulduqdan və regionda yeni siyasi reallıqlar formalaşdırıldıqdan sonra da bu prinsip - dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinə hörmət - əsas olaraq qalır”.
“Strateji tərəfdaşlıq yaradılarkən siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıqla yanaşı, müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində də intensiv dialoq və əməkdaşlıq nəzərdə tutulur. Və strateji tərəfdaşlıq yaradılan dövlətlərlə adətən Xarici İşlər Nazirlikləri səviyyəsində, münasibətlərimizin daha yüksək səviyyədə olduğu dövlətlərlə isə dövlət başçıları səviyyəsində siyasi məsləhətləşmələr və dialoq daha intensiv formada aparılır. Bu həmçinin müxtəlif regional və beynəlxalq məsələlərlə bağlı mövqelərin uzlaşdırılması, oxşar və eyni mövqelərin formalaşdırılması məqsədilə aparılır” - deyə Milli Məclis üzvü bildirib.

Rizvan Nəbiyev həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin strateji baxışlarına uyğun aparılan siyasi-diplomatik fəaliyyət sayəsində dövlətimizin mövqeyi beynəlxalq müstəvidə çox möhkəmlənmiş, nüfuzu qat-qat artıb.
“Bunu çoxsaylı dövlət və hökumət başçıları da mətbuata açıq platformalarda vurğulayır, Prezident İlham Əliyevin sülh və əməkdaşlıq gündəliyini təqdir edirlər. Avropa Siyasi Birliyinin zirvə görüşləri, Yaxın Şərq Sülh Sammiti, Türk Dövlətləri Təşkilatının sammitləri və digər beynəlxalq toplantılar, eləcə də ikitərəfli müstəvidə dövlət başçısının həyata keçirdiyi çoxsaylı səfərlər bunu birmənalı təsdiq edir”.