Modern.az

Azərbaycanda siyasi partiya qıtlığı YARANIB

Azərbaycanda siyasi partiya qıtlığı YARANIB

Analitika

12 Dekabr 2025, 17:11

Azərbaycanda siyasi partiyaların çoxluğu fonunda paradoksal şəkildə siyasi partiya qıtlığının yaşanması son illərin əsas siyasi reallığına çevrilib. Formal rəqəmlərin çoxluğu real təsir gücünün azlığı ilə ziddiyyət təşkil edir. Bunun başlıca səbəblərindən biri illərlə mövcud olmuş süni siyasi arxitekturanın iflasa uğramasıdır. Səbəbi indi hər kəsə məlumdur. Ölkədə fəaliyyət göstərmiş partiyaların bir çoxu Ramiz Mehdiyevin siyasi layihəsi kimi formalaşmışdı. Bu təşkilatların əksəriyyəti onun xeyir-duası ilə sistemin içində yer almışdı.

Zaman keçdikcə, həmin strukturların institusional zəiflikləri daha qabarıq şəkildə üzə çıxdı. Bu gün siyasi proseslərdə müşahidə olunan qarışıqlıq da məhz bu süni partiya modelinin çöküşündən qaynaqlanır. Uzun illər siyasətə məkirli və təhlükəli bir sahə kimi baxılması siyasi mədəniyyətin formalaşmasını ləngitdi. Belə münasibət yeni qüvvələrin siyasətə gəlməsini çətinləşdirərək meydanı köhnə oyunçulara hədiyyə etdi.

Nəticədə çoxsaylı partiyalar tənəzzül dövrünə qədəm qoyub. Həmin təşkilatların bəzisi zamanında tüğyan edən reket jurnalistikanın siyasi ekvivalentinə çevrilmişdi. Onlar yalnız intriqa və dezinformasiya üzərində fəaliyyət göstərirdilər. Bu gün isə həmin strukturlar yolun sonuna çatıb. Çünki artıq Ramiz Mehdiyev yoxdur və onun siyasi layihələri məzarlıqlardır. 

Dəstəkdən məhrum olan köhnə partiyalar sistem içində özlərini qorumaqda acizdirlər. Və istəsələr belə yenilənmək potensialları yoxdur. Yeni dövrün tələbləri köhnə siyasi yanaşmanı sıradan çıxarıb. Cəmiyyət də formal siyasi aktorları qəbul etmək istəmir. Gənc nəsil daha çevik və şəffaf siyasi münasibətlər tələb edir. Bu səbəbdən köhnə partiya modeli tamamilə aktuallığını itirib. Artıq süni şəkildə saxlanılan siyasi strukturların funksionallığı qalmayıb. Cəmiyyətdə yüksələn siyasi şüur həmin layihələrin real çəkisini sıfıra endirib. Bu fon siyasi mühitdə yeni təşkilatlara ehtiyacın daha aydın görünməsinə səbəb olur.

Bu dəfə yeni siyasi təşkilatların “atası” Ramiz Mehdiyev olmayacaq. Siyasi meydan yeni sosial sifariş əsasında formalaşacaq. Bu sifarişi əsasən gənclər və intellektual çevrələr müəyyənləşdirir. Onların gözləntiləri köhnə siyasi leksikonla uyğun gəlmir. Gənc nəslin siyasətə baxışı daha texnoloji və daha rasional xarakter daşıyır. Onlar intriqadan qaçırlar və  institusional inkişaf tələb edirlər. Yeni siyasi təşkilatlanma məhz bu tələblər əsasında qurulacaq.

Köhnə partiyaların davamlı olaraq təkrar istehsal edilməsi mümkün deyil. Çünki onların dayaqları administrativ resurslar idi və həmin resurslar artıq əvvəlki səviyyədə deyil. Mövcud transformasiya siyasi sistemin yenilənməsini qaçılmaz edir. Bu yenilənmə 90-cı illərdən qalma partiya modelini arxada qoyur. Siyasi səhnəyə daxil olan yeni nəsil fərqli idarəetmə üslubu ilə seçilir. Onların təklif etdiyi yanaşmalar analitik düşüncəyə və müasir siyasi kommunikasiya vasitələrinə əsaslanır. Bu, siyasi mühitdə rəqabətin güclənməsinə şərait yaradır. Eyni zamanda, siyasi institutların effektivliyini artırmağa imkan verir.

Köhnə partiyaların süqutu bu prosesin təbii nəticəsi kimi dəyərləndirilir. Nəticə etibarilə Azərbaycan siyasəti yenilənmə, dəyişiklik və modern siyasi mədəniyyətə keçid mərhələsinə qədəm qoyur.

Azad Vətən Partiyasının sədri Akif Nağı Modern.az-a açıqlamasında bildirib ki, ölkədə siyasi münasibətlər sistemi yeni mərhələyə qədəm qoyub və bütün sahələrdə yenidən baxış prosesi gedir:

“Ölkə daxilində müxtəlif istiqamətlərdə münasibətlər yenidən qurulur. Ənənəvi yanaşmalardan geri çəkilmə, yeni formaların tətbiqi bütün sahələrdə özünü göstərir. Siyasi proseslərin əvvəlki dövrlərdə kortəbii inkişaf etməsi, yanlış dəyərləndirmələr bu gün artıq aradan qalxır:

Siyasi proseslərdə dövlətə xəyanət və hakimiyyətin zorla devrilməsində ittiham olunan şəxslərlə bağlı istintaqlar aparılır. Bu, yeni münasibətlər sisteminin qurulduğunu göstərir”.

Akif Nağının fikrincə, partiyaların ənənəvi fəaliyyət formaları dəyişir və artıq qarşıdurma xarakterli siyasi mühit qəbul olunmur:

Mitinq, yürüş və ya düşmənçilik üzərində qurulan yanaşmalar qəbul edilmir. İstənilən məsələ ilə bağlı tələb də, müzakirə də var, amma mübarizə əsasən parlament daxilində aparılır

Dünya təcrübəsində də partiyalar seçki dövründə fəallaşır, seçkisiz dövrdə isə daha çox daxili işlərlə məşğul olurlar, buna görə hazırkı sakitlik narahatlıq yaratmalı deyil.

Bu, bütün dünyada belədir. Seçkilər yoxdursa, sakitlik normaldır. Sadəcə qərəzli mövqe, təhqir, qarşıdurma praktikasından çəkinmək lazımdır.

Akif Nağı sonda əlavə edib ki, Azərbaycanda partiyaların cəmiyyətdə rolu və siyasi münasibətlər sistemi dəyişir, bunu normal qarşılamaq lazımdır və narahatlığa ciddi əsas yoxdur".

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?