Modern.az

Ərəb ölkələri İranla müharibəyə hazırlaşır? - ŞƏRH

Ərəb ölkələri İranla müharibəyə hazırlaşır? - ŞƏRH

Analitika

Bu gün, 13:06

ABŞ və İsrail 28 fevraldan İrana hücum etməyə başlayandan sonra Yaxın Şərq ölkələrində də partlayış səsləri eşidilməyə başlayıb. Tehran hücuma cavab olaraq İsrailə və Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına raket və dron zərbələri endirib.

İran rəsmiləri bundan əvvəl də xəbərdarlıq edərək hücuma məruz qalacağı təqdirdə, regiondakı ABŞ hərbi obyektlərini hədəf alacağını bildirmişdi.

İran indiyə qədər bölgədəki doqquz ərəb ölkəsinə - Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kipr Respublikasına hücumlar həyata keçirib.

Bəs bu Ərəb ölkələri ilə İran arasında müharibəyə gətirib çıxara bilərmi?

Modern.az-a açıqlamasında Siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, İran hücumlarla bağlı bildirir ki, onların hədəfi ərəb ölkələri yox, ABŞ hərbi bazalarıdır:

“İran bu bəyanatla özünü sığortalamağa çalışır. İran ərəb ölkələrini vurmasına baxmayaraq, Türkiyədə olan ABŞ-yə məxsus İncirlik hərbi bazasının zərbələr endirməyib. Əslində bunun özü İranın bu məsələdə nə qədər ciddi olub-olmamasını göstərir. Yəni İran Türkiyədəki İncirlik hərbi bazalarını vurmursa, deməli hədəf ilkin mərhələdə ABŞ hərbi bazaları deyil”.

Siyasi şərhçi ərəb ölkələrinin İrana hərbi cəbhə açmaq üçün imkanlarının olmadığını vurğulayıb:

“Ərəb ölkələri ilə çox müsbət, dinamik münasibətlərimiz var. Amma ərəb ölkələri bu məsələdə oyunçu deyillər. Məsələn, Səudiyyə Ərəbistanı milyardlarla dollarlıq silahlar alır, amma bunların heç biri nə İrana, nə husilərə qarşı istifadə oluna bilir. Çünki potensial yoxdur. Hərbi güc yalnız silahların olmasından asılı deyil. Amma ümumi götürdükdə ərəb ölkələri İrana qarşı cəbhə ala bilərlər. Artıq cəbhə alıblar da. Amma bu cəbhə silahlı müqavimət səviyyəsində deyil, sadəcə İranın atdığı raketlərin tutulması, oradakı hərbi bazalardan uçuşa imkan verməməklə məhdudlaşır. Dolayısı ilə İranla kəllə-kəlləyə gələcək ərəb ölkəsi yoxdur. Sadəcə Misir və Əlcəzairin belə bir potensialı mövcuddur. Lakin onların hər ikisi də regiondan uzaqdırlar və məsələyə daxil olmaq istəmirlər. Lakin Səudiyyə Ərəbistanı, Qətər və  BƏƏ-nin hərbi potensialı yoxdur ki, İrana qarşı mübarizə aparsınlar. Bu ölkələr illərlə İranın proksi qüvvələri olan Husilərə bir şey edə bilmədilər. Bu baxımdan cəbhə açsalar belə İran üçün ciddi problem törətməyəcəklər”.

Politoloq Zərdüşt Əlizadə İranın ərəb ölkələrini vurmasının leqal olduğunu söyləyib:

“Ərəb ölkələri bir-birinə nifrət edən, inanmayan dövlətçiklərdir. Müharibədən əvvəl İran xarici işlər naziri Abbas Araqçi ərəb ölkələrinə ABŞ və İsrailin onlara hücum etməyə hazırlaşdığını bildirdi və onlara məxsus qüvvələri ölkələrindən çıxarmağa çağırdı. Onlar bu çağırışa məhəl qoymadılar. Düşündülər ki, ABŞ onları müdafiə edəcək. Səudiyyə Ərəbistanında, BƏƏ-də, Qətərdə, Omanda ABŞ hərbi bazaları yerləşdirilib. İran onları vurmasın neynəsin? İranı bombalayır, viran qoyurlar, onun rəsmilərini öldürürlər".

Politoloq ərəb ölkələrinin İrana müharibə açma ehtimalından da danışıb:

“Səudiyyə Ərəbistanı artıq elan edib ki, İrana müharibə elan edir. Deyəndən sonra Səudiyyə Ərəbistanı zərbə aldı, neftayırma zavodu vuruldu. Səudiyyə Ərəbistanı İranla  müharibə aparmaq qabiliyyətinə malik olmadığını, İranın onlardan qat-qat güclü olduğunu anlayır. Səudiyyə Ərəbistanı Yəmənə illərlə ətrafına bir neçə ölkə yığmaqla hücumlar təşkil etsə də, nəyəsə nail olmadı. Bəli, bu ölkənin çoxlu müasir hərbi texnikaları var. Amma ki, döyüşməyə qadir olan ordusu yoxdur. Onlar yeyib-içib, gəzmək kef etməyi yaxşı bacarırlar. Nə BƏƏ, Oman, nə Qətər İrana hərbi hücum etmək qüdrətində deyillər. Bunu istəsələr də, edə bilməzlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı