Modern.az

Rusiya-ABŞ cəbhəsi Ermənistandan keçir - TƏHLİL

Rusiya-ABŞ cəbhəsi Ermənistandan keçir - TƏHLİL

Analitika

Bu gün, 14:55

Son illərdə beynəlxalq münasibətlər sistemində böyük güclər arasında rəqabət daha açıq və sərt xarakter alıb. Xüsusilə ABŞ ilə Rusiya arasında geosiyasi qarşıdurma müxtəlif regionlarda paralel şəkildə özünü göstərir. Bu qarşıdurma yalnız hərbi və diplomatik sahədə deyil, həm də müxtəlif ölkələrin daxili siyasi proseslərində təsir mübarizəsi formasında ortaya çıxır. Latın Amerikasında Venesuela böhranı, Yaxın Şərqdə İran ətrafında artan gərginlik və postsovet məkanında baş verən siyasi proseslər bu rəqabətin fərqli cəbhələrini təşkil edir.

Rusiyanın Latın Amerikasında yaxın müttəfiqi olan Venesuela rəhbəri Maduronun, həyat yoldaşı ilə birlikdə ABŞ tərəfindən bu ilin ilk ayının əvvəlində həbs olunması ciddi rezonans yaratdı. Məhz ABŞ-nin bu addımı ilə Rusiyanın burada təsir gücü sıfıra endirildi. Rusiya dünyanın ən böyük qaz ehtiyatına malik ölkədən ABŞ-yə qarşı rıçaq kimi istifadə imkanlarınan məhrum qaldı. İndi ABŞ Latın Amerikasında Rusiyanın digər bir təsir zonası olan Kubanı da öz təsir dairəsinə almaq istəyir. Tramp artıq bir neçə dəfədir ki, bu barədə mətbuata açıqlamalar verir. Əgər bu da baş tutarsa, Rusiya Amerika qitəsində daha heç bir nüfuz dairəsinə sahib olmayacaq.

Bu istiqamətdə gedən proseslərdə ABŞ-nin üstünlüyü açıq şəkildə özünü göstərir. ABŞ həm də Yaxın Şərqdə siyasətini gücləndirib. Belə ki, hələ 2024-cü ilin oktyabrında Bəşər Əsədin devrilməsi Rusiyanın regionda ən güclü "qala"larından biri olan Suriyada hökmranlığına son qoyuldu. Beləliklə, Rusiyanın əli burada da boşa çıxdı. Və nəhayət İran müharibəsinə nəzər yetirək. Burada müharibə Rusiyanın ən böyük müttəfiqlərindən olan İranı hərbi, siyasi və iqtisadi istiqamətlərdə zəiflətmək məqsədi daşıyır. 

Məhz İranda proseslərin ABŞ-nin istəyi ilə cərəyan etməsi Rusiyanın faktiki olaraq əlinin boş qalması anlamına gəlir. Bu isə Rusiyaya həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan itkilər gətirir. Doğrudur, İran hələ də müqavimət göstərir. Lakin bu müqavimət hər an qırıla bilər ki, hazırda Rusiyanın ən çox qorxduğu da məhz budur. Çünki İran Rusiyanın həm də Yaxın Şərqə çıxışı üçün olduqca vacib tranzitdir. Beləliklə, İranın "düşməsi" Rusiyanın da daha Yaxın Şərqdə olmaması deməkdir. Hazırda bu proseslərdə də ABŞ öndə görünür. Elə bu səbəbdəndir ki, Rusiya İrana aktiv formada dəstək göstərməkdədir. ABŞ mənbələrinə görə Yaxın Şərqdəki Amerika hərbi gəmilərinin və bazalarının vurulmasında Rusiya İrana koordinatlar verir. Bu baxımdan Trampın bir neçə gün əvvəl Putinlə telefon danışığını xatırlamaq lazımdır. Həmin danışıqlarla bağlı adı açıqlanmayan mənbələr bildirmişdilər ki, ABŞ Rusiyaya sanksiyaları yumşalda bilər. Bu isə Rusiyanın İrana müharibədə verdiyi dəstəyi dayandırdığı halda mümkün olacaq. Rusiyanın buna gedəcəyi şübhə altındadır. Çünki məhz bu onu İranda da geri salacaq. Ümumi vəziyyətə baxdıqda isə aydın görünür ki,  Rusiya artıq həm Latın Amerikasında, həm Yaxın Şərqdə uduzur.

Məhz bu məğlubiyyəti Rusiya Cənubi Qafqazda kompensasiya etməyə cəhd edir. Bu baxımdan Ermənistanda keçiriləcək parlament seçkiləri regionun geosiyasi gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu seçkilər yalnız hakimiyyət uğrunda daxili siyasi mübarizə deyil, eyni zamanda ölkənin hansı geosiyasi istiqaməti seçəcəyinə dair ciddi siyasi qərar kimi də dəyərləndirilir.

Ermənistanın geosiyasi seçim dilemması

2018-ci ildə baş verən siyasi dəyişikliklərdən sonra Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan ölkənin xarici siyasətində müəyyən balans yaratmağa çalışsa da, son illərdə onun hökumətinin Qərb strukturlarına yaxınlaşması daha açıq şəkildə müşahidə olunur. Avropa İttifaqı ilə siyasi dialoqun genişləndirilməsi, Qərb institutları ilə əməkdaşlığın gücləndirilməsi və regionda Avropa müşahidə missiyasının yerləşdirilməsi bu istiqamətin əsas göstəriciləri hesab olunur.

Qərb ölkələri üçün Ermənistanın siyasi kursunun dəyişməsi postsovet məkanında Rusiyanın təsir dairəsinin zəiflədilməsi baxımından mühüm hesab edilir. Bu səbəbdən Avropa İttifaqı və ABŞ Paşinyan hökumətinin hakimiyyətdə qalmasına daha müsbət yanaşır və siyasi baxımdan bu kursu dəstəkləyir. Digər tərəfdən, Rusiya üçün Ermənistan Cənubi Qafqazda ənənəvi strateji tərəfdaşlardan biridir. Ermənistanın iqtisadi, enerji və təhlükəsizlik sistemlərində Rusiyanın təsiri hələ də kifayət qədər güclüdür. Ölkədə yerləşən rus hərbi bazası və iqtisadi əlaqələr Moskvanın bu ölkədə mövqelərinin qorunmasına imkan yaradır.

Bu kontekstdə Rusiyaya yaxın siyasi və biznes dairələrinin dəstəklədiyi fiqurların siyasi proseslərdə fəallaşması diqqət çəkir. Ermənistan mənşəli rusiyalı iş adamı Samvel Karapetyan və ona yaxın hesab olunan siyasi qruplar Moskvanın regiondakı maraqlarının qorunmasını prioritet hesab edən siyasi xətti təmsil edən qüvvələr kimi təqdim olunur.

Daxili siyasi mühit və seçki dinamikası

Ermənistanda seçkilərin nəticəsini yalnız geosiyasi amillərlə izah etmək mümkün deyil. Ölkə daxilindəki sosial-siyasi vəziyyət də bu prosesdə həlledici rol oynayır.

44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində siyasi parçalanma və etimadsızlıq mühiti uzun müddət davam edib. Müxalif qüvvələr Paşinyan hakimiyyətini təhlükəsizlik siyasətində ciddi səhvlərə yol verməkdə ittiham etsələr də, hakimiyyət tərəfdarları onu yeni reallıqları qəbul edən və ölkəni beynəlxalq təcriddən çıxarmağa çalışan lider kimi təqdim edir.

Digər mühüm faktor isə iqtisadi vəziyyət və sosial problemlərdir. Ermənistan iqtisadiyyatı böyük ölçüdə xarici bazarlardan və diaspor kapitalından asılıdır. Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi ehtimalı bir sıra biznes qrupları üçün ciddi risklər yaradır. Eyni zamanda Qərb maliyyə institutlarının və investisiya proqramlarının artması isə başqa bir siyasi istiqaməti təşviq edir. Bu səbəbdən Ermənistan seçkiləri yalnız ideoloji və siyasi deyil, həm də iqtisadi maraqların toqquşması kimi qiymətləndirilə bilər.

Böyük güclərin təsir mexanizmləri

ABŞ və Avropa İttifaqı Ermənistanda siyasi proseslərə əsasən diplomatik və maliyyə vasitələri ilə təsir göstərir. Demokratiya, institusional islahatlar və iqtisadi dəstək proqramları vasitəsilə Qərb ölkələri İrəvanın xarici siyasət kursunu dəyişməyə çalışır.

Rusiya isə daha çox enerji, iqtisadi və təhlükəsizlik mexanizmlərindən istifadə edir. Ermənistanın enerji sektorunun mühüm hissəsi rus şirkətlərinin nəzarətindədir. Bundan əlavə, ölkənin təhlükəsizlik arxitekturası uzun illər Moskva ilə sıx əlaqələr üzərində qurulub.

Bu səbəbdən Ermənistanın siyasi kursunun tam şəkildə dəyişməsi qısa müddətdə mümkün görünmür. Daha real ssenari balans siyasətinin davam etdirilməsi hesab olunur.

Seçkilərin mümkün nəticələri

Mövcud siyasi mənzərə göstərir ki, Paşinyanın rəhbərlik etdiyi siyasi komanda dövlət aparatına nəzarət və təşkilati resurslar baxımından müəyyən üstünlüyə malikdir. Qərb ölkələrinin siyasi dəstəyi və diplomatik əlaqələri də onun mövqelərini gücləndirən amillərdən biri hesab edilir.

Bununla yanaşı, Rusiya yönlü siyasi qüvvələrin də cəmiyyətdə müəyyən sosial bazası mövcuddur. Xüsusilə iqtisadi baxımdan Rusiyaya bağlı olan biznes strukturları və miqrantların böyük hissəsi Moskva ilə əlaqələrin qorunmasının tərəfdarıdır.

Bu səbəbdən seçkilərin nəticəsi təkcə bir siyasi qüvvənin qələbəsi kimi deyil, daha çox Ermənistanın xarici siyasət kursunda balansın hansı istiqamətə meyllənəcəyini müəyyən edən proses kimi qiymətləndirilə bilər.

Lakin burada qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin atdığı addımlar olduqca təsirlidir. Yəni Paşinyan hökuməti ABŞ və Avropa İttifaqına yönələn siyasəti idarə edə bilir. Belə ki, Ermənistanın 2020-ci ildəki 44 günlük müharibədən sonra KTMT-dəki təmsilçiliyi zəifləyib, bundan əlavə olaraq, dəmiryolu məsələsində fərqli ssenarilər üzərində iş gedir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan və Moskvanın Ermənistan dəmir yolunun rus konsessiyası məsələsini işçi səviyyədə müzakirə etdiyini vurğulayıb. Başqa bir çıxışında isə Paşinyan  dəmir yollarının idarəetməsinin başqa ölkəyə verilməsini təklif edib. 

“Dəmir yollarına nəzarət yalnız Ermənistanla və Rusiya ilə yaxşı münasibətləri olan bir ölkəyə verilə bilər. Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik, razılığa getmək lazımdır, ünsiyyət qurmalıyıq. Müqaviləni pozmaq həmişə pisdir və bizim dövlətlərarası, eləcə də şəxsi münasibətlərimiz bizə bu yolu getməyə imkan vermir, əksinə onlar sakit və dostca bir mühitdə müzakirə aparmağa kömək edir”,-Ermənistanın Baş naziri qeyd edib.

Dəmir Yolları məsələsində Zəngəzur dəhlizini (TRIPP) də qeyd etmək lazımdır. Belə ki, bu dəhliz artıq 100 il ABŞ-nin nəzarətində olacaq.

Bu gün müəyyən səbəblərdən, Ermənistanda rus yönlü Samvel Karepetyanın maddi imkan və nisbətən Rusiya dəstəyi nəticəsində sanki geniş dəstəyə malik olduğu hiss olunur. Bunu son vaxtlar Paşinyanın paylaşımlarından da görmək olar. Belə ki, Paşinyan rayonlarda piyada gəzir, insanlarla nərd oynayır, peraşki, sucuk yeməklə özünün sadə olduğu obrazı yaradır. Görünür Baş nazirin reytinqlərində müəyyən geriləmə var. Lakin bu geriləmə heç də onun uduzacağı anlamına gəlmir. Sadəcə seçki nəticəsində koalisya qurmaq təhlükəsi yarana bilər ki, Paşinyan bunu istəmir. Lakin son aparılan sorğular da göstərir ki, Ermənistanda seçkilərdə rus yönlü namizədin qalib gəlməsi mümkün görünmür. Çünki Ermənistanda insanların böyük bir hissəsi son keçirilən sorğularda düşmən ölkə kimi Rusiyanı göstəriblər. Belə ki, qəribə şəkildə Ermənistana düşmən ölkələr siyahısında Rusiya üçüncü yeri tutur. Görünür ki, Rusiya Ukraynada, Yaxın Şərqdə, İranda olduğu kimi Cənubi Qafqazda da ABŞ-yə uduzacaq. Təbii ki, gedən geosiyasi proseslər olduqca mürəkkəb olduğundan vəziyyətin hər an dəyişməsi də mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar