28 fevral tarixində İsrail və ABŞ-nin İrana başlatdığı hərbi hücumlar bütün dünyanın diqqətini bu münaqişə yönəltdi. Bunun əsas səbəblərindən biri də müharibənin Körfəz ölkələrinə sıçraması olub. Belə ki, hazırda İran ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarına zərbələr endirir.
2022-ci ildə bu yana davam edən Rusiya-Ukrayna müharibəsi isə bütün bu hadisələr fonunda sanki unudulub.
Hətta bəzi beynəlxalq analitiklər düşünür ki, ABŞ-İsrail və İran arasındakı müharibə ən çox Rusiya prezidenti Vladimir Putinə sərf edir. Çünki artıq ABŞ-nin başı qarışıb və Ukraynaya lazımi dəstək göstərə bilmir. Bununla yanaşı Rusiyaya qarşı sanksiyalar yumşaldılıb.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu da bildirib ki, ABŞ-İsrail və İran müharibəsi müəyyən qədər Rusiya prezidenti Vladimir Putinin maraqlarına xidmət edir:
“ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə, Yaxın Şərqdə gərginlik, Körfəz ölkələrinin müharibəyə qarışması, əlbəttə, müəyyən qədər diqqəti Rusiya-Ukrayna müharibəsindən yayındırıb. Yaxın Şərqdə gərginlik bir tərəfdən Rusiya prezidenti Putinin maraqlarına da cavab verir. Çünki, həm diqqət yayınıb, həm Amerika Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Beləliklə də, Rusiya Avropaya sata bilmədiyi nefti Asiya ölkələrinə rahatlıqla satır. Həm də müharibəyə görə neftin qiymətləri qalxıb. Bu da Rusiyanın gəlirlərini artırıb. Amma əgər ABŞ İranı ram edərsə, bu, Putinə,əslində, böyük zərbə olacaq. Yəni müəyyən qədər diqqət yayındırılsa da, Rusiya-Ukrayna cəbhəsində gərginlik yenə də davam edir. Müharibənin şiddəti azalmayıb. Ukrayna ordusu əks-hücumlər həyata keçirir. Ukrayna Rusiyanın enerji mənbələrinə zərbələri davam etdirir. Hətta üç gün ərzində Rusiya 7 min hərbçisini itirib. Yəni gərginlik yenə də qalır, sadəcə diqqət bir qədər yayınıb və danışıqlar arxa plana keçib. Amma bundan Ukraynaya böyük zərər gəlməyib. Ukrayna müqavimətini davam etdirir və işğalla da barışmır".
E.Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin necə nəticələnəcəyi ilə bağlı da danışıb:
"Açığı müharibənin sonu hələ görünmür. Müharibə hələ davam edəcək. Hazırda nə Rusiya irəliləyib işğalı genişləndirərək Donbasın tamamını nəzarətə götürür, nə də Ukrayna öz ərazilərini azad edə bilir. İkisi də faktiki olaraq, cəbhə bölgəsində ilişiblər. Belə şəraitdə danışıqlarda da uğur qazanılmayacaq. Gərək Rusiyada hakimiyyət dəyişikliyi baş verə və onlar reallığı anlayalar. Yəni, xeyli itki veridiklərini, iqtisadiyyatlarında problemlərin olduğunu başa düşələr. Beləliklə də, bəlkə, əllərində olanla kifayətlənərlər. Çünki Ukrayna Rusiyanın indiyədək işğal etdiklərinin əlində qalması ilə razıdır. Amma Rusiya bununla kifayətlənmək istəmir. Putin Donbasın tamamını istəyir. Belə şəraitdə əlbəttə ki, nəticə olmayacaq. Yaxın Şərqdəki müharibə yəqin ki, qısa müddətdə hansısa formada bitər. Amma Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə bitəcəyini proqnozlaşdıra bilmərik".