Modern.az

Hansı səfirlərimiz duayen sayılır? - ADLAR

Hansı səfirlərimiz duayen sayılır? - ADLAR

Analitika

Bu gün, 13:17

Ölkələrarası münasibətlərdə səfirliklərin və təyin olunmuş səfirin rolu olduqca mühüm xarakter daşıyır.  İki ölkə arasında münaqişə yaranarsa və ya aralarında hər hansı bir siyasi gərginlik olarsa, səfirlik, dolayısı ilə səfir bu məsələnin həllinə kömək edə bilər. Səfirlik ticarət tarifləri kimi müxtəlif mövzularda qərar qəbul edə bilər

Demək olar ki, hər bir səfirin vəzifəsi, məsuliyyəti və önəmi eynidir. Lakin diplomatik ənənəyə əsasən bəzi səfirləri “duayen səfir” adlandırırlar.  “Duayen səfir” fransızca doyen sözündən gəlir və diplomatiyada xüsusi bir anlayışdır.  Bu ad bir ölkədə akkreditə olunmuş,yəni rəsmi fəaliyyət göstərən xarici səfirlər arasında ən uzun müddətdir xidmət edən səfirə verilən qeyri-rəsmi tituldur.  Duayen səfirlər diplomatik korpusu,yəni bütün səfirləri müəyyən tədbirlərdə təmsil edir, rəsmi mərasimlərdə ön sırada yer alır, bəzən diplomatik məsələlərdə vasitəçi rolunu oynayır.

Modern.az hazırda hansı diplomatların duayen səfir olmasını araşdırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımızın sorğusuna cavab olaraq bildirib ki, hazırda iki duayen səfirimiz var:

“Əvvəllər də bəzi duayen səfirlərimiz olub. Hazırkı duayen səfirlərimiz Latviya və Özbəkistanda fəaliyyət göstərən səfirlərimiz - Elnur Sultanov və Hüseyn Quliyevdir”.

Özbəkistandakı xarici diplomatların ağsaqqalı olan Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı  fövqəladə və səlahiyyətli səfiridir. O, 23 iyun 1946-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1965-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirən Hüseyn Quliyev ixtisasca mühəndis-texnoloqdur.

H.Quliyev diplomatik fəaliyyətə 1978-ci ildə başlayıb. O, 1982-ci ilə qədər SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir vəzifəsində çalışıb. 1984-1990-cı illərdə eyni vəzifədə SSRİ-nin Türkiyədəki səfirliyində işləyib. 2007-2009-cu illərdə XİN-də şöbə müdiri, 2012-ci ilə qədər isə İdarə rəisi vəzifələrini tutub.

2012-ci ildən isə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Qeyd edək ki, səfir evlidir və onun iki övladı və üç nəvəsi var.

Latviyadakı səfirimiz olan diplomat Elnur Sultanov isə 26 aprel 1978-ci ildə Bakıda anadan olub. Evlidir və övladı var.

Elnur Sultanov diplomatik fəaliyyətə 1998-ci ildə başlayıb. Belə ki, o, 1998-ci ildən 2000-ci ilə qədər  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada Departamentinin attaşesi olub. 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin üçüncü katibi, ikinci katibi və birinci katibi olub. 2006-2010-cu illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri kimi çalışıb.  2010-2011-ci illərdə Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşmə və humanitar məsələlər departamentinin direktor müavini olmuş E.Sultanov 2011-2012-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri vəzifəsini tutub.

26 iyul 2021-ci ildən Azərbaycanın Latviyadakı fövqəladə vəsəlahiyyətli səfir vəzifəsini icra edir.

Elnur Sultanov bundan əvvəl 2012-2016-cı illərdə Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfir olub. O, həmin dövrdə eyni zamanda Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Ekvador Respublikasında və Trinidad və Tobaqo Respublikasında akkreditə olunub.

2017-2021-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi, Xüsusi tapşırıqlar üzrə səfiri kimi də çalışıb.

İngilis, türk, rus, portuqal dillərini sərbəst, fransız, ispan, alman dillərini isə baza səviyyəsində bilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!