ABŞ prezidenti Donald Trump bildirib ki, İran ilə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. Bu müddətdə tərəflər sülh razılaşmasını yekunlaşdırmağa çalışacaq. Atəşkəsə vasitəçilik edən Pakistanın paytaxtı İslamabadda tərəflər bir araya gələcəklər. İran sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədən çıxmasını istəyir.
Bu iki həftədə tərəflərin yekun sülhə nail olub-olmayacağı maraq doğurur.
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ öz taktikasını dəyişib:
“Birincisi onu qeyd etmək lazımdır ki, burada kim uddu, kim uduzdu sualı yersiz olardı. Çünki birmənalı olaraq, güc balansı ABŞ tərəfindədir. İndi biz bir məsələyə fikir verməliyik. Bu məqam da onunla bağlıdır ki, ABŞ taktikasının dəyişib. Misal üçün ABŞ İraq, Livan və Əfqanıstanda hərbi əməliyyatlardan sonra hakimiyyəti dəyişmək taktikasından istifadə edirdi. Amma ABŞ tərəfi bunun uzunmüddətli, həm də maliyyə baxımından çox bahalı olmasını görəndən sonra yeni taktika seçib. Misal üçün Venesuela nümunəsini göstərmək olar. Burada Nikolas Maduro ələ keçirilsə də, onun idarəetmə sistemində fəaliyyət yürüdən insanların hamısı yerində qalıb. Sadəcə olaraq, onlar Trampın dediklərinə qulaq asırlar. Neftin ixracı hazırda ABŞ-nin nəzarəti altındadır. Mən istisna etmirəm ki, üstübağlı olmaq şəkli ilə İranda da məsələlər eyni şəkildə idarə olunacaq. Yəni ABŞ üçün ölkəni kimin idarə etməsinin fərqi yoxdur. Sadəcə olaraq, idarə edənlərin onların siyasi iradəsinə tabe olub-olmaması maraqlıdır. ABŞ-nin taktikasının eyni şəkildə davam edəcəyi gözləniləndir. Bu məsələni nəzərə alaraq, İran və onun sağ qalan siyasi elitası indi təbliğat baxımından özünün siyasi nüfuzunun bərpası üçün qələbədən danışacaq. Amma de-fakto bəllidir ki, iki həftəlik danışıqlarda məsələ birmənalı olaraq, dediyim formada həllini tapacaq".

T.Zülfüqarov onu da qeyd edib ki, bu, gərginliyin tam aradan götürüləcəyi gözlənilməməlidir.
Sabiq diplomat Nəsib Nəsibli isə qeyd edib ki, atəşkəsin əldə edilməsi hələ savaşın bitməsi demək deyil:
“Bu 12 gün ərzində insanlar televiziya qarşısında və yaxud internet saytlarını izləyərək hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini nəfəslərini tutuaraq izləyəcəklər. İki həftəlik atəşkəs hələ savaşın bitməsi deyil və hər an pozula bilər. Məncə, savaşın bitməsi hər iki tərəf üçün də xeyirlidir. Tramp gecə saat 03:00-də İranın həyati əhəmiyyətli obyektlərini vurmğa hazırlaşmışdı. Neft-qaz obyektlərini, körpüləri və elektrik stansiyalarını vurmağa hazır idi. Trampın ifadəsi ilə bu İranın ibtidai icma quruluşuna qayıtması anlamına gəlirdi. Təbii bu ifadə şərti idi. Amma yenə də, bundan artıq bir nəticə əldə etmək mümkün deyildi. Yəni, Trampın dediyi obyektlər, infrasturktur vurulsa və İran sənayesiz qoyulsaydı da, əsas hədəf rejim, hakimiyyət deyil, sadə insanlar olacaqdı. İnsanlar da çox çarəsiz duruma düşəcəkdi. Ümidsiz hala düşən insanların isə ABŞ-yə qarşı necə davranacağını proqnozlaşdırmaq çətindir. İran tərəfinə gəldikdə, həqiqətən, müharibəni davam etdirməyin, bundan daha artıq ölkəni fəlakətə sürükləməyin anlamı yoxdur. Tramp müəyyən şərtləri danışıqlar üçün qəbul etdiyini deyib. Bəlkə də, bu şərtlər müzakirə edildikdə onun ətrafında razılaşmayacaqlar. Fikrimcə, həmin şərtlər həm ABŞ-nin, həm də İsrailin istəklərinə cavab vermir. Amma istənilən halda müəyyən şərtlər ətrafında masa arxasında oturub müzakirələrin aparılması daha yaxşıdır, nəinki savaşı davam etdirmək. İranın şərtlərinin ABŞ və İsrail tərəfindən qəbul edilməsi mümkün deyil. Eyni zamanda ərəb ölkələrinin müharibə vaxtında İranla arası açıldı. Onlar da bu şərtlərlə razılaşmayacaqlar. Hər halda ilk təmaslar ayın 10-da başlayacaq. İzləyib görəcəyik”.

N.Nəsibli danışıqlarda hər hansı bir nəticə əldə edilmədiyi təqdirdə yarana biləcək vəziyyətdən də danışıb:
“Şərtlər üzrə razılıq əldə edilmədiyi təqdirdə müharibənin yeni dalğasının davam edəcəyi mümkün variantlardan biridir. Yəni, Trampın bu gün səhər saat 03:00-da mülki obyektlər-elektrik stansiyaları, körpülər və neft obyektlərinin vurulması ilə bağlı əmri həyata keçə bilər. Məncə, bu, İran üçün daha böyük fəlakət ola bilər. Bəzi məsələlər üzərində danışıqlar davam edəcək. Sənəddə yazıldığı kimi, İranın bütün şərtlərini ABŞ və İsrailin qəbul etməsi mümkün deyil. Ola bilsin ki, atəşkəs mərhələ-mərhələ uzansın”.
Sosial-Demokrat partiyasının sabiq sədri və politoloq Zərdüşt Əlizadə Trampın daha dəhşətli zərbələr endirə bilməməsinin sevindirci hal kimi qiymətləndirib:
“ Həddini aşmış Tramp İrana daha dəhşətli zərbələrə endirə bilmədi. Bunu ürəkdən istəyən Tramp ola bilsin, digər yandan da bu addımı atmağa qorxurdu. Bir sözlə, onun başqa çarəsi qalmamışdı, çünki İran onun ultimatumlarını rədd edirdi. İran xalqı böyük əzm və qətiyyət nümayiş etdirdi. Camaat küçələrə axışaraq, “vurursansa, bizi vur” dedilər. Yəni bu hərbi cinayət idi. Tramp İranı vurmaq əmri ilə axmaqlığını sübuta yetirəcəkdi. Görünür, axırıncı məqamda onun yanında olan hansısa daha ağıllı adamlar zilə qalxmağın, həm ABŞ, həm İsrail, həm də bütövlükdə Qərb üçün yaxşı sonluqla bitməyəcəyini izah edib. Bununla da, Tramp iki həftəlik güzəştə getməyə məcbur olub. Bu iki həftə ərzində nə baş verəcək? İranın tələbi aydındır, o atəşkəs istəmir, hücumların ABŞ və İsrailin hərbi hücumlarının dayanmasını istəyir. Bunun üçün qəti zəmanətlər lazımdır”.

Politoloqun sözlərinə görə zəmanətləri yalnız üç ölkə - Çin, Rusiya və Hindistan verə bilər:
“Bu zəmanətləri Çin, Hindistan və Rusiya verə bilərlər. Hər üç dövlət nüvə silahına malikdir. Zəmanətlər elə təsvir olunmalıdır ki, bundan sonra nə İsrail, nə də ABŞ İrana hücum edə bilsin. Digər yandan, bu ilkin razılaşmada İsrailin Livana təcavüzünə son qoyulması da öz əksini tapıb. İran yalnız özünü yox, həm də müsəlman hərəkatlarını düşünür. Təbii ki, Hörmüz boğazı İranın nəzarətində qalacaq. Sadəcə İran imkan verəcək ki, müəyyən ödənişlər məbləğində oradan yavaş-yavaş gəmilər çıxsınlar. Bu böyük bir itki deyil. Əsas odur ki, Hörmüz körfəzinə nəzarət İranın əlində qalır. ABŞ deyilənə görə təkcə hərbi təcavüzü dayandırmağa öhdəlik götürməyib, həm də dəymiş ziyanın ödənilməsinin hansısa mexanizminin həyata keçirlməsinə cavabdeh olacaq. Bu mexanizm də yalnız İranın və Omanın Hörmüz körfəzinə nəzarəti ola bilər. Əlhəmdüllilah ki, böyük qırğınlar olmadı. Onsuz da İran xalqı böyük itkilərə, dağıntılara məruz qaldı. ABŞ bir daha sırf imperialist dövləti olduğunu sübut etdi”.