30 Avqust 2021, 16:19 | Ana Səhifə - Yazılar - Bayram Bayramovu “BAĞIŞLAMAQ OLARMI”?
Bayram Bayramovu “BAĞIŞLAMAQ OLARMI”?

Mahir Qabiloğlu

Bu yazımı qapıbir qonşum olmuş, Azərbaycanın görkəmli nasiri, Xalq yazıçısı Bayram Bayramovun 100 illiyinə həsr etmişdim – 2018-ci ildə. Amma onun qardaşı oğlu professor Qurban Bayramovun təkidiylə ictimailəşdirməmişdim. Amma indi yayımlamağa qərar verdim. Gecə yuxuma girmişdi Bayram əmi.

Bu cür yubiley yazıları əsasən müsbət tonda qurulmalı, atamın təbirincə desəm, daha çox ad günü qonaqlıqlarında deyilən sağlıqlara bənzəməlidir. Ya da ki, şablon strukturdan kənara çıxmamalısan.
Birinci, Bayram Bayramovun həyat və yaradıcılığına qısa və ya uzun ekskurs etməlisən, onun haqqında dövrünün, yaxud da zəmanəmizin görkəmli şəxsiyyətlərinin fikirlərini sadalamalısan, sonda da bir-iki xatirə, xoş söz və son – Allah rəhmət eləsin.


Amma qədim dildə desək, qələmi əlimə götürən kimi, müasir dildə desək kompüterimi açıb arxasına keçəndən sonra ata çevrilirəm. Özü də ki, sirk atlarına. Cıdır düzündə çapan ata oxşasaydım dərd yarıydı – irəli, yalnız irəli gedərdim. Sirk atları isə yalnız arenada dövrə vurmağı bacarırlar və bu radiusdan qırağa çıxmağa nə imkanları var, nə də ki, ixtiyarları. Mən də fikrimi yazıya cəmləşdirib Bayram əmi haqqında nəsə yeni özəl bir söz yazmaq istəyən kimi, uzaq 1991-ci ildə, Ali Sovetdə baş verənlər və bütün Azərbaycana televiziyayla canlı yayımlananlar gəlib durur gözümün önündə. Fikirləşirəm, əcəba, görəsən bu iclas, bu iclasda deputat Bayram Bayramovun çıxışı, sonda isə deputat Heydər Əliyevin bu çıxışa reaksiyası canlı yayımlanmasaydı necə olacaqdı? Bir yazıçının yazıçı taleyi mənfiyə dəyişəcəkdimi?

Deyirlər ki, özünü təkrar edən yazıçı bədbəxt yazıçıdır. Əlbəttə ki, öz yazılarına istinad etmək təkrarçılıq sayılmaz. Amma mən nə altı il qabaq yazdığım “Heydər Əliyevin həyatında Bayram Bayramov çevrilişi” yazımı təkrar etmək istəyirəm, nə də ki, o yazıdan sitat gətirmək. Bugünkü kimi fikirləşsəydim, o yazını o vaxt heç yazmazdım da... Axı hansı “qarşıdurma” baş vermişdi ki? Yaxud da ki, təhqir, söyüş... sadəcə iki siyasətçinin, deputatın polemikası adlandırmaq olar bunu. Yaxud aşıq dilində desək, deyişməydi bu. O deyişmə ki, Heydər Əliyev üstün gəldi, Bayram Bayramov isə... Yox, bu, məğlubiyyət deyildi. Sadəcə Bayram Bayramov Nizami Gəncəvi babasının dediklərini yaddan çıxartmışdı o an. “Səni mindirib vertolyota aparım Qarabağı gəzdirim”, “Qarabağ heç vaxt indiki kimi Azərbaycanın olmayıb” ifadələrini dönə-dönə, lazımsız yerə təkrar etmək.

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da...

 

Yoxdur videoyazısı bu polemikanın. Heç bu barədə heç yerdə xatırlanmır son 25 ildə. Amma mənim yadımdan çıxmır. Çünki bu boyda insanın, Azərbaycanın son 65 illik ədəbiyyat tarixində 26 Xalq yazıçısından biri olan nasirin nəinki 100, heç 80, 90 illik yubileyinin də yüksək səviyyədə qeyd olunmaması, 10, 15 bəlkə də 20 cildə sığmayan külliyyatının, seçilmiş əsərlərinin nəşr edilməməsi məni bir yaradıcı adam, ən başlıcası isə qapıbir qonşu kimi çox incidir, qələmə əl atanda irəli çapan cıdır atına yox, qaytarıb yenidən sirk atına döndərir.

27 il keçib o vaxtdan. 1991-ci ildə dünyaya gələnlərin indi 27 yaşı var. Birinci sinfə gedənlər gənclik yaşına əlvida deyirlər.  Bugünkü gənclik nəinki Bayram Bayramovu, sağ qalan görkəmliləri, o vaxt mənəm-mənəm deyən, bu gün də o xülyayla yaşayanları da heç tanımır. İndi tələblər tam başqadır. Çünki zəmanə tam dəyişilib. Dəyərlər digər dəyərlərlə əvəz olunur. Bu gün bu yazımı oxuyacaq gənc (əgər oxusa) bilirsinizmi nə deyər? “Mahir, gözüm aydın. Axı, bu ifadələrdə hansı təhqir və tənqid var ki, 52 yaşlı sən və yaşıdların neçə illərdir ki, sirk atı kimi bu çevrəni cızmaqla məşğulsunuz? Bayram Bayramov yaradıcılığından danış, biz gənclərə örnək kimi onun həyatından xatirələr de. Əgər bacarmırsansa, get özünə iş tap. Sözün qurtarıb, dalay-dalay deyirsən”. Bax, bu baxımdan nəvaxtsa qələmə aldığım “Heydər Əliyevin həyatında Bayram Bayramov çevrilişi” adlı yazını yazmağıma peşman olmuşam. 

 

ONU BAĞIŞLAMAQ OLARMI?


Başlıqdakı “BAĞIŞLAMAQ OLARMI” sualını dırnağa almışam. Yəqin fikirləşəcəksiniz ki, ifadəm 1959-cu ildə Rza Təhmasibin çəkdiyi məşhur filmin (“Onu bağışlamaq olarmı?”) adına oxşadığına görə dırnaq arasında vermişəm. Ya da ki, başlıq məcazi məna daşıyır. Sözünüzdə qismən də olsa həqiqət var. Amma Azərbaycan dilində söz və ya hər hansı ifadə reallığa uyğun olmayanda da dırnaqda verilir və nitq mədəniyyətinə uyğun olaraq bu cür ifadələrin əvvəlində durğu işarəsinin də adı oxunur. Yəni ki, bu başlıq belə oxunmalıdır: Bayram Bayramovu – dırnaq arasında – bağışlamaq olarmı?

Yazımın bu yerində “bağışlamaq” sözünün bəzi mənalarını da sadalayım ki, fikrimi daha dəqiq tutasınız. Küçədə biriylə toqquşursunuz. Biri o birinə “bağışlayın” deyir. Bu nəzakət qaydasıdır. Bəzən isə bu nəzakət qaydasından məmnun olaraq bir-iki dəqiqədən sonra anlayırsınız ki, toqquşan vaxt cibinizdəki portmane, və ya mobil telefonunuz yoxa çıxıb. “Pardon” eşitdinizsə, deməli qarşınızdakı Türkiyədəndir. “Prostite” eşidirsinizsə, deməli milli russkoyazıçnı çuşkalarımızdandır.

 

HAŞİYƏ: Rus televiziyalarının birində Sovet dövlətinin rəhbərlərindən olan Leonid İliç Brejnevin qızı haqqında “Qalina” adlı serial verirlər. Bu Brejnev də Marşal Jukov, Marşal Rokosovski kimi sərkərdələrdən nümunə götürərək, müharibədən siğə etmədiyi başqa qadınla qayıdır. Öz qanuni ailəsiylə vidalaşmaq üçün gəlir kəndinə. Müharibə vaxtı siğə etmədiyi arvadını qoyur maşında və girir evə. Arvadı da çox ağıllı imiş. Çıxır tez həyətə, yaxınlaşır maşına. Ailəsini dağıtmaq istəyən o günüyə nə deyir, nə demir bilmirəm. Maşın xoda düşüb həmən oralardan uzaqlaşır – Brejnevsiz. Arvadı Brejnevi bağışlayır və onlar ömürlərinin sonuna qədər şad-xürrəm yaşayırlar. Amma arvad ömrünün sonuna qədər bu hadisəni tez-tez bir ifadəylə Brejnevin başına vururmuş: “Düzdü, bağışlamışam, amma yaddan çıxartmamışam”. (SON)

 

Bu haşiyəmdən də anladınız ki, ürəyi geniş insanlar onlara qarşı böyük, lap xırda bir günah işlətmiş insanları bağışlayırlar. Amma heç vaxt yaddan çıxartmırlar. Xırda yanlışlığı belə. Böyük insanlar yox, bütün insanlar belədir. Bəs Bayram Bayramovun çıxışı günah idimi, yanlışlıq idimi ki, hələ bir onu bağışlamaq, amma unutmamaq səviyyəsinə qaldırmalıyıq?

Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik illərində qarşılaşdığı sədaqətsizlikləri, xəyanətləri, riyakarlıqları çox gördük. Mənim yadıma gələnlər çoxdur. Amma müstəqillik illərində olanlar ən yeni tariximizdir deyə onlardan bəzilərini sadalayacağam. Özü də ki, yazımın başlığına uyğun:

Heydər Əliyevin yetirməsi sayılan Ayaz Mütəllibovun və ətrafının ona qarşı əks mövqeyini bağışlamaq olarmı? Surət Hüseynovun, Əlikram Hümbətovun, Nəriman İmranovun, Rəhim Qazıyevin.......... cinayətlərini, xəyanətlərini bağışlamaq, bağışlayandan sonra unutmaq olarmı? Olmaz? Niyə? Çünki konkret olaraq cinayət törətmişdilər? Cinayət işi açılaraq, ən yüksək cəzaya – ölümə layiq görülmüşdülər? Sonra da Prezident İlham Əliyevin fərmanıyla əfv olunmuşdular? İndi azadlıqdadırlar.

Nöqtələri bilərəkdən çox qoydum. Amma qramatik qaydalara uyğun üç nöqtə də qoysaydım bəs edərdi. Amma adı məşhur və ya naməlum olan o qədər belə adam var ki, üç nöqtəyə sığmazdı. Hamısı da əfv olundu, bağışlandı. Hətta yaddan da çıxdı. Bəziləri deputat da oldu. İndiki 35 yaşlı gənclik onları heç tanımır da...

Yaşıd olan, rəsmi deputatın rəsmi deputata xitabən dediyi “Gəl səni mindirim vertalyota, aparım Qarabağı gəzdirim” ifadəsi nə böyük cinayət idi ki? Bəlkə yanlışlıq idi? Konkret məkanı nəzərə alsaq, sonrakı illərdə deputatlar Cəlal Əliyev, Əhəd Abıyevin zəngin söyüş... ritorikasının yanında bu sözlər və ya düt-dütlər milçək vızıltısı da deyildi.

 

İndi üç-dörd dənə xarici maşını olan lovğalığından cırılır. Bənd-dərə qalmır aşırdır. Ailələri başsız, gözüyaşlı qoyur. Sovet dövründə Bayram Bayramovun rəhbərliyi ilə yaradılan “Qarabağa Xalq Yardımı” komitəsi adlı quruma nəinki avtomobil, üç dənə vertolyot verilməsi, onun sədrinin lovğalanmasına gətirib çıxara bilməzdimi?


Yazıram, yazıram. Amma hələ ki, bir nəticəyə gəlib yazımın nöqtəsini qoya bilmirəm. Evimizdəki sandığa müraciət edirəm. Tapdım. Milli Məclisdəki o siyasi polemikanın səhərisi deputat, Xalq şairi Bəxtiyar Vahabzadə çıxış etdi. Bu barədə yazmışam. Sonra isə atama Cəlal Əliyevin evinin telefonu verdi. Atam zəng etdi və onun təbirincə desək, Heydər müəllimlə danışdı. “Bayramdır da, fikir verməyin. O da, yazıçılar da sizi çox istəyir” dedi. Heydər Əliyev isə gülə-gülə “Qabil, cavab verməyəcəkdim. Çox zəvzədi, dözə bilmədim” söylədi.

 

HAŞİYƏ: Zəvzəmək. Yəni ki, çox danışmaq, naqqallıq etmək, boşboğazlıq etmək. Mənbə: Obastan.az  (SON)

 

Ən düzgün qiyməti Böyük Heydər Əliyev onda verdi: səbəb eyni ifadəni azı beş-altı dəfə təkrar etmək, çox danışmaq idi. O dövrün şahidlərinə sual versən ki, “Bayram Bayramov kimdir?” İlk dediyi bu olacaq: “Vertolyot məsələsini deyirsən?”

Amma bu vertolyot məsələsinə ən gözəl qiyməti dahi Nizami Gəncəvi verib:

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da...

 

SON

 

Yazımı bitirdim. Nöqtəni qoydum. Başlıqda qoyduğum suala konkret cavab vermirəm. Axı bağışlanmalı heç nə yoxdur. 100 illikdən istifadə edib, öz-özümə deyindim – qoca qarılar kimi.

Uşaqlıqda, gəncliyimdə heç ağlıma da gəlməzdi ki, nəvaxtsa qonşum Bayram əminin 100 illiyinə yubiley yazısı yazacağam. Əgər buna yubiley yazısı demək mümkünsə. Hələ yazmalı çox şey var. Yubileylər də çox olacaq. Bu dəfə “vertolyot məsələsinə” nöqtə qoydum. Bəs sabah? Əliağa Vahid demişkən, sabahın qeydinə qallıq sabah inşallah.

Bayram əmi 100 yaşın – əsrin – qərinən mübarək!

Hörmətlə: qonşu Mahir – Qabilin oğlu.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Azərbaycanda neçə yaşayış məntəqəsi qazlaşdırılmayıb? 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22