Rusiyanın Ural bölgəsində, xüsusilə Yekaterinburq şəhərində son 1 ildə Azərbaycan diasporuna və iş adamlarına qarşı görünməmiş təzyiq dalğası müşahidə olunur. İllərdir bölgənin iqtisadiyyatında mühüm rol oynayan, minlərlə soydaşımızın çörək yerinə çevrilən biznes obyektlərinin, o cümlədən rəmzi xarakter daşıyan "Kaspi" restoranının buldozerlərlə sökülməsi bu prosesin sadəcə görünən tərəfidir.
Modern.az-ın əldə etdiyi məlumatlara görə, bu təzyiqlərin arxasında Rusiya Prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artyom Joqa dayanır. Onun 2024-cü il oktybarın 2-də bu vəzifəyə təyinatından sonra bölgədəki Azərbaycan diasporuna qarşı münasibət köklü surətdə dəyişib.
Proses sadəcə obyektlərin sökülməsi ilə məhdudlaşmır. Hər şey 2025-ci il iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi ilə başladı. Hadisələr zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirildi, bir neçə soydaşımız isə həbsə atıldı. Ardınca, uzun illər Uralda diasporumuzun rəhbəri olmuş Şahin Şıxlinskinin, oğlu Mütvəli Şıxlinskinin həbsi bu təzyiqləri dözülməz həddə çatdırdı. Yerli Rusiya hakimiyyət orqanlarının azərbaycanlıları nəzarətdə saxlamaq üçün seçdikləri Vidadi Mustafayev də qısa müddət sonra iqtisadi cinayətlərdə ittiham olunaraq saxlanıldı.
Ard-arda atılan bu addımlar faktiki olaraq diasporun nüfuzunu qırmaq və on illərlə qurulan biznes şəbəkələrini, bazarları və ticarət sektorlarını yerli "millətçi" qrupların nəzarətinə vermək üçün bir vasitə kimi istifadə olunur.
Uralda azərbaycanlılara qarşı reydlərin və sərt tədbirlərin kəskin artması birbaşa Artyom Joqanın adı ilə bağlanır. Bəs Joqa kimdir?
Artyom Joqa separatçı "Donetsk Xalq Respublikası"nda (DXR) "Sparta" batalyonunun komandiri olub. O, Ukraynadakı hərbi əməliyyatlarda aktiv iştirak edib.
Joqanın oğlu, "Sparta"nın əvvəlki komandiri Vladimir Joqa 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı həlak olub və Rusiya Qəhrəmanı adı alıb. Bu faktor Artyom Joqanın siyasi profilini "radikal və güzəştsiz vətənpərvər" kimi formalaşdırıb.
Rus millətçiliyinə yaxınlığı ilə seçilən Joqa, təyin olunduğu bölgədə "asayişi bərpa etmək" adı altında etnik diasporları, xüsusilə də iqtisadi cəhətdən güclü olan Azərbaycan diasporunu hədəfə alıb.
Hesab olunur ki, baş verənlər hüquqi müstəvidən daha çox siyasi və iqtisadi xarakter daşıyır. Azərbaycanlı iş adamlarının illərdir xüsusi rol oynadıqları kənd təsərrüfatı, ictimai iaşə və tikinti sektorları hazırda Joqanın dəstəklədiyi yeni "yerli elita"ya ötürülür. Diasporun daxilində süni şəkildə yaradılan qarşıdurmalar və ardıcıl həbslər isə icmanın müqavimət gücünü qırmaq məqsədi güdür.
Modern.az-ın məlumatına görə, Uraldakı bu vəziyyət Rusiyanın digər böyük şəhərlərindəki (Moskva, Çelyabinsk) bazarlar və ticarət mərkəzləri üçün də bir "siqnal" rolunu oynayır. Görünən odur ki, Rusiya hakimiyyətindəki bəzi qruplar "müharibə veteranı" imicindən istifadə edərək, azərbaycanlıların biznes imperiyasını sistematik şəkildə zəiflətməyə çalışırlar.