Davosda keçirilən Dünya İqtisadi Forumunda Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan Argentina prezidenti Xavyer Miley, BMT-nin baş katibi Antonio Quterreş, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə qısa söhbətlər aparıb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Vahaqn Xaçaturyan və Argentina Prezidenti hər iki ölkəni maraqlandıran məsələlər, o cümlədən əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş proqramlar və imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
"Argentina Prezidentinin təşəbbüsü ilə həyata keçirilən iqtisadi islahatlardan da söz açılıb. Ermənistan-Argentina dostluq münasibətlərinin daha da dərinləşdirilməsinə yönəlmiş səylər vurğulanıb", - məlumatda deyilir.
Xaçaturyan BMT-nin Baş katibi Antonio Quterreşlə qısa söhbətində son regional hadisələri və Ermənistanın Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasına dair yanaşmalarını təqdim edib.
BMT-nin baş katibi ümidvar olduğunu bildirib ki, regional problemlər ən qısa zamanda həll olunacaq və bu, bütün regionun sabitliyinə və inkişafına zəmanət verəcək.
Con Kerri ilə söhbətində Xaçaturyan regiondakı mövcud vəziyyətə və təhlükəsizlik çağırışları ilə mübarizə imkanlarına toxunub.
Həmsöhbətlər həmçinin demokratik dəyərlərin qorunmasına və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş mövqelərin vacibliyini vurğulayıblar.