HƏMAS qruplaşması İsraillə 135 günlük atəşkəs planı təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qruplaşma Qəzza zolağında üç mərhələdə - hər biri 45 gün davam edən atəşkəs planı hazırlayıb. Bu müddət ərzində bütün girovların azad ediləcəyi, İsrailin sektordan qoşunlarını çıxaracağı, ölənlərin qalıqlarının dəyişdiriləcəyi gözlənilir. Bundan sonra Qəzza zolağının yenidən qurulmasına başlanacaq və nəhayət, müharibəyə son qoymaq üçün razılıq əldə olunacaq.
Agentlik yazır ki, yaraqlı qrupun təklifi Qətər və Misir vasitəçilərinin ötən həftə göndərdiyi və İsrail və ABŞ tərəfindən təsdiqlənən atəşkəs şərtlərinə cavabdır.
Hələlik İsraildən heç bir rəsmi reaksiya gəlməyib. Bundan əvvəl İsrail tərəfi HƏMAS məhv edilənə qədər qoşunlarını Qəzza zolağından çıxarmayacağını bəyan etmişdi.