Modern.az

Qəzzanın ən böyük xəstəxanasına basqın edildi - 2 milyon qaçqın...

Qəzzanın ən böyük xəstəxanasına basqın edildi - 2 milyon qaçqın...

Dünya

16 Fevral 2024, 09:28

İsrail müdafiə qüvvələri cümə axşamı günü Qəzzada fəaliyyət göstərən ən böyük xəstəxanaya basqın ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti və Qəzza rəsmiləri məlumat yayıb.

 

İsrail ordusu Nasser xəstəxanasına basqının "dəqiq və məhdud" olduğunu bildirib.

 

Məlumatda deyilir ki, İsrail HƏMAS silahlarının xəstəxanada gizləndiyi barədə məlumatlara sahibdir. Bundan başqa girovların və bəzi əsirlərin cəsədlərinin də xəstəxanada olduğu qeyd edilir. HƏMAS qruplaşması sözügedən məlumatları yalan adlandırıb.

 

HƏMAS-ın idarə etdiyi Qəzza zolağındakı səhiyyə orqanları İsrailin xəstəxanada sığınan onlarla işçini, xəstələri, köçkünləri və tibb işçilərinin ailələrini tibb müəssisəsini tərk etməyə məcbur etdiyini bildirib. Təxminən 2000 fələstinli gecə ərzində cənub sərhəddindəki Rəfah şəhərinə gəlib, digərləri isə Qəzzanın mərkəzindəki Deyr Əl-Bələhə doğru hərəkət edib.

 

İsrail HƏMAS-ı müntəzəm olaraq xəstəxanalardan, təcili yardım maşınlarından və digər tibb müəssisələrindən hərbi məqsədlər üçün istifadə etməkdə günahlandırır. Daha əvvəl bəzi xəstəxanaların altında silahların olduğu tunellərin göstərildiyini görüntülər yayımlanıb.

 

İsrail hərbçiləri Nasser Xəstəxanasında müxtəlif şübhəliləri yaxaladığını və oradakı əməliyyatların davam etdiyini bildirib.

 

HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri deyib ki, İsrail digər xəstəxanalar haqqında olduğu kimi Nasir haqqında da yalan danışır.

 

Xəstəxanaya basqınla bağlı danışan İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari bu həssas əməliyyatın dəqiqliklə hazırlandığını və xüsusi təlim keçmiş İsrail ordusunun xüsusi təyinatlıları tərəfindən həyata keçirildiyini söyləyib.

 

O qeyd edib ki, əməliyyatın məqsədlərindən biri xəstəxananın qəzzalı xəstələrin müalicəsini davam etdirə bilməsini təmin etməkdir: "Biz bunu xəstəxana işçiləri ilə apardığımız bir sıra danışıqlarda da bildirdik". Haqari təxliyə ilə bağlı heç bir öhdəlik olmadığını söyləyib. "Medicins San Frontieres" tibbi xeyriyyə təşkilatı İsrailin tibb işçilərinə və xəstələrə qala biləcəklərini söylədiyini təsdiq edib. Buna baxmayaraq xəstəxanada atəş səsləri eşidilib.

 

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qidra xəstəxananın yaxın 24 saat ərzində yanacağının bitəcəyini, altısı reanimasiyada olan xəstələrin və üçü yenidoğulmuşlar şöbəsində olan körpələrin həyatının təhdid altında olduğunu qeyd edib 

 

Haqari deyib ki, İsrail beynəlxalq təşkilatlarla koordinasiya əsasında xəstəxanaya tibbi ləvazimat və yanacağın təhvil verilməsini təşkil edib.

 

Qeyd edək ki, müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. İsrailin məlumatlarına görə, hücum zamanı əksəriyyəti mülki şəxs olmaqla 1200 nəfər öldürülüb və 253 nəfər girov götürülüb. 

 

İsrail hücuma cavab olaraq Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Qəzza səhiyyə orqanlarının məlumatına görə, əksəriyyəti mülki şəxs olmaqla 28,663 nəfər həlak olub. Təxminən 2 milyondan çox əhalisi evlərini tərk etməyə məcbur qalıb.

 

İsrail ordusu aviazərbə nəticəsində 7 oktyabr hücumunda iştirak edən Həmas komandirinin öldüyünü bildirib. Bundan başqa ordu Qəzzanın cənubundakı döyüşlərdə bir əsgərin öldüyünü açıqlayıblar. Quru əməliyyatının başladığı 20 oktyabrdan bu yana ölən hərbçilərin 235-ə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə