Xəbər verdiyimiz kimi, rusiyalı müxalif siyasətçi Aleksey Navalnı bu gün müəmmalı şəkildə həbsdə vəfat edib.
Modern.az Qərbdən faktla bağlı reaksiyaları təqdim edir.
Fransa Xarici İşlər Nazirliyi: "Navalnı Putin rejiminə müqavimət göstərdiyinə görə bədəl ödəyib".
Fransanın xarici işlər naziri Stefan Sejurne deyib ki, Aleksey Navalnı prezident Vladimir Putinin dövründə yaradılmış sisteminə müqavimət göstərdiyinə görə canını verib. Nazir həmçinin Navalnının ailəsinə və Rusiya xalqına başsağlığı verib.
NATO-nun baş katibi Yens Stoltenberq: “Aleksey Navalnı uzun illərdir ki, azadlıq və demokratiya üçün güclü səsdir. NATO və NATO müttəfiqləri uzun müddətdir ki, onun dərhal azad edilməsini tələb edirdilər. Düşüncələrimiz onun ailəsi və sevdikləri ilədir. Biz Navalnının uzun illərdir etdiyi kimi, azadlığı dəstəkləyən hər kəsi dəstəkləməyə davam edirik... Bizim heç bir məlumatımız yoxdur, bütün faktları ortaya qoymaq vacibdir, Rusiya çox ciddi suallara cavab verməlidir”.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, Navalnının ölümünə görə Rusiya hakimiyyətini məsuliyyət daşıyır.
Latviya prezidenti Edqar Rinkeviç isə bildirib ki, Navalnı sadəcə olaraq Kreml tərəfindən vəhşicəsinə öldürülüb: "Bu bir faktdır və indiki Rusiya rejiminin əsl mahiyyəti haqqında bilmək lazım olan budur. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Navalninin ölüm xəbərini "dəhşətli" adlandırıb. "Rusiya demokratiyasının ən mübariz müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib. Mənim fikirlərim onun həyat yoldaşı və bu böyük faciə olan Rusiya xalqı ilədir”, - o qeyd edib.