Avropa İttifaqı iyulda Rusiya aktivlərindən əldə etdiyi mənfəəti Ukraynaya köçürə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Avropa Komissiyası ABŞ-dan Ukraynaya maliyyə dəstəyinin zəifləməsi fonunda Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Kiyevə 2 milyard avrodan 3 milyard avroya qədər vəsait köçürməyi planlaşdırır. Bütün Aİ ölkələri bu təklifi dəstəkləyərsə, birinci tranş iyulda göndəriləcək. Bu, cari həftə Aİ sammitində baş verə bilər.
Brüssel, Belçikanın "Euroclear"da dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi xalis mənfəətin 97 faizini istifadə etməyi və onları Aİ büdcəsinə köçürməyi gözləyir. Pullar sonra müxtəlif razılaşmalara uyğun olaraq Ukraynanın maraqları üçün istifadə oluna bilər. Fevral ayında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen vəsaitin Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasına xərclənməsini təklif etmişdi.
2027-ci ilə qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 20 milyard avro mənfəətin müsadirə ediləcəyi gözlənilir.