Modern.az

Babacanla Davudoğlu AK Partiyaya qayıdır? - ÖZƏL AÇIQLAMA

Babacanla Davudoğlu AK Partiyaya qayıdır? - ÖZƏL AÇIQLAMA

Dünya

6 Oktyabr 2025, 16:00

Bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Prezident, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib.

Bundan başqa, Ərdoğanla Davudoğlu bir müddət səmimi söhbət edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb.

Bundan sonra mətbuatda bəzi iddialar gündəmə gəlib. Belə ki, Türkiyənin hakim partiyası AKP-nin keçmiş üzvləri olan Ə.Davudoğlu və Ə.Babacanın öz əvvəlki partiyalarına qayıdacaqları iddia edilir

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasında olan deputatı Şamil Ayrım Əhməd Davudoğlu ilə Əli Babacanın partiyaya geri qayıtmalarının indiki situasiyda müzakirə edilmədiyini bildirib:

"TBMM-nin açılışı günü axşam müxalifət liderləri bir araya gəldi. Bunların arasında bizdən ayrılan Əhməd Davudoğlu və  Əli Babacan kimi partiya liderləri də varıydı. Cənab Dövlət Bağçalı və DEM Partiyasının sədri Tuncer Bakırhan da görüşdə iştirak ediblər. Siyasətdə dialoq çox vacibdir və prezidentimiz buna çox böyük əhəmiyyət verir. Əhməd Davudoğlu və Əli Babacan Ədalət və İnkişaf Partiyasında olarkən nazir vəzifələrində çalışıblar. Əhməd Davudoğlu Baş nazir, Əli Babacan isə maliyyə naziri olub".

1467004

O qeyd edib ki, AK Partiyanın qapısı onun prinsip və fəaliyyətlərinə uyğun olan hər kəsə açıqdır.

"Amma adıçəkilən şəxslərin AK Partiyaya qayıtması gündəmdə deyil. Gələn ildən seçki məsələlərinin müzakirəsinə başlanacaq. Bəlkə nəzərdə tutulan vaxtdan bir neçə ay əvvəl erkən seçki baş tuta bilər. Belə bir situasiyada bu liderlərin də dəstəyi önəmli ola bilər. Bu baxımdan görüşü bir dialoq platforması kimi qiymətləndirmək olar. Onların Prezidentimizlə belə bir şəkil çəkdirməkləri önəmlidir. Amma yenə deyirəm onların partiyaya qayıdışı ilə bağlı müzakirələr aparılmayıb, aparılmır. Bu o demək deyil ki, belə bir hadisə heç vaxt baş tutmayacaq. Türkiyə böyük dövlətdir, qardaşlığımız hər şeydən vacibdir. Son aylarda “Terrorsuz Türkiyə” istiqamətində ciddi addımların atılmasına başlanıldı. Buna bütün siyasi partiyalar böyük dəstək verirlər. Yay ayları ərzində bu istiqamətdə fəaliyyət göstərən komissiya işini başa çatdırıb. Müəyyən tənzimləmələr üçün Məclisin Plenar iclasında da müvafiq işlər görüləcək".

Ş.Ayrım siyasi partiyalarla dialoq mühitinin Türkiyənin gələcəyi baxımından vacib olduğunu vurğulayıb:

"Türkiyə daxilində birlik-bərabərlik, siyasi partiyalarla dialoq mühiti hər zaman olmalıdır. AK Partiya 23 ildir prezidentimizin rəhbərliyi ilə Türkiyəni idarə edir. Bu baxımdan prezidentimizin güclü liderliyi çox əhəmiyyətlidir və onun bütün siyasi partiyalarla dialoq içərisində olması normaldır. Bunu dərhal başqa tərəfə çəkmək lazım deyil. Yeri gəlmişkən prezidentimizin DEM partiya ilə də görüntü verməsi vacibdir. DEM bizə zidd olan, siyasətlərimizi bəyənməyən, ona qarşı çıxan partiyaydı, amma bu gün onlarla dialoq içərisindəyik. Çünki Türkiyənin gələcəyi üçün buna ehtiyacımız var".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum