Ermənilərin Qarabağa qayıtması gündəliyini təhlükəli hesab edirəm.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli Forumu 2025”də bildirib.
Baş nazirin sözlərinə görə, bu mövzunun müzakirəsi keçmiş münaqişənin təməllərini bərpa edə və vəziyyəti münaqişənin ilkin mərhələsinə qaytara bilər.
Paşinyan qeyd edib ki, əvvəllər belə bir fikri ifadə etmək mümkün deyildi, amma indi özü bunu açıq şəkildə ifadə edir və "Dağlıq Qarabağ"dan köçkünlərin geri qayıtması gündəliyinin sülh quruculuğu səylərinə zərər verə biləcəyini vurğulayır.
“Bəlkə də bir-iki il əvvəl ağlasığmaz bir şey demişəm. Dağlıq Qarabağdan didərgin düşmüş bacı və qardaşlarımızın qayıtması gündəliyini sülh üçün zərərli hesab etdiyimi demişəm. Həmçinin demişəm ki, bu mövzu, məcburi köçkünlərin qayıtması gündəliyi ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - deyə o əlavə edib.
Baş nazir vurğulayıb ki, bu istiqamətdə atılan hər hansı bir addım və ya təşəbbüs regionda sabitliyin və sülhün gələcəyi üçün təhlükəli ola bilər.