Modern.az

Zəfər Paradında iştirak edən feldmarşal Pakistanın faktiki lideri olacaq

Zəfər Paradında iştirak edən feldmarşal Pakistanın faktiki lideri olacaq

Dünya

10 Noyabr 2025, 21:44

Pakistanda ordunun baş komandanı, Hindistanla toqquşmalardan sonra feldmarşal rütbəsi alan Asim Munir bütün silahlı qüvvələrin ali baş komandanı olacaq.

Modern.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti və digər yerli media orqanları məlumat yayıb.

Məlumata görə, feldmarşal Munirin səlahiyyətlərini genişləndirmək məqsədilə Konstitusiyaya dəyişikliklər paketi parlamentin yuxarı palatasına təqdim olunub.

Qanun layihəsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinin yaradılmasını nəzərdə tutur. Bu post hazırda qüvvədə olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri (CJCSC) vəzifəsini əvəz edəcək və daha geniş səlahiyyətlərə malik olacaq.

Yeni vəzifəyə hazırkı Baş Qərargah rəisi Asim Munirin təyin ediləcəyi gözlənilir. Bu dəyişikliklə o, Pakistan ordusunun, hərbi-dəniz və hava qüvvələrinin konstitusion rəhbəri olacaq. Analitiklər qeyd edirlər ki, bu addım feldmarşal Muniri Pakistan tarixində ən güclü hərbi fiqura çevirəcək.

Qeyd edək ki, konstitusiya dəyişiklikləri parlamentə təqdim edilən gün feldmarşal Munir və baş nazir Şahbaz Şərif Bakıda keçirilən Qələbə Paradında iştirak ediblər. Paradın açılış nitqində Şərif Munirin Hindistan üzərində qələbədəki rolunu xüsusi vurğulayıb və onun rəhbərliyi altında Pakistan Hərbi Hava Qüvvələrinin “cəmi bir neçə dəqiqəyə düşmənin yeddi müasir qırıcı təyyarəsini vurduğunu” bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var