Rusiya xarici işlər naziri Sergey Lavrovun ictimaiyyət önündə görünməməsi müzakirələrə səbəb olub.
Modern.az-ın məlumatına görə, Lavrovun yoxa çıxmasını onun səhhəti ilə əlaqələndirirlər.
Belə ki, Lavrov Rusiya Təhlükəsizlik Şurasının ötən həftə keçirilən iclasında iştirak etməməsi Moskvada suallar doğurub.
Rusiyanın “Kommersant” nəşri sözügedən məsələtə diqqət çəkib, onun “razılaşdırılmış şəkildə” iclasdan kənarda qaldığını yazıb. Bununla yanaşı, noyabrın 4-də Putin imzaladığı fərmanla Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə Lavrovun deyil, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin rəhbərlik edəcəyini elan edib.
Bu iki hadisə Lavrovun "yoxa çıxması" ilə bağlı müxtəlif ehtimalları gücləndirib.
Bəzi ekspertlər bunu Kreml daxilində mümkün siyasi dəyişikliklərin və ya Lavrovun Putinə təsir imkanlarının azaldılmasının əlaməti kimi qiymətləndirir. Xüsusilə də ABŞ prezidenti Donald Tramp ilə Budapeştdə planlaşdırılan görüşün ləğvindən sonra belə versiyalar artıb. Həmin görüşün təşkili üzrə danışıqları məhz Lavrov aparırdı, lakin ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra sammit təxirə salınıb.
Bütün bu iddialara cavab olaraq Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O, Lavrovun vəzifəsində olduğunu və işini aktiv şəkildə davam etdirdiyini bildirib:
“Sergey Viktoroviç işindədir, həm də çox aktiv şəkildə işləməkdədir. Bu məlumatların hamısı tamamilə yalandır, onlara diqqət yetirməyə dəyməz. Hər şey qaydasındadır. Uyğun ictimai tədbirlər olanda, naziri görəcəksiniz,” – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya diplomatiyasının rəhbəri öz vəzifə borclarını yerinə yetirir və beynəlxalq əlaqələr istiqamətində planlaşdırılmış tədbirlərini davam etdirir.
Lavrov artıq 20 ildən çoxdur ki, Rusiya diplomatiyasının siması sayılır. O, daha əvvəl BMT-də səfir olub, 2004-cü ildən etibarən isə xarici işlər naziri vəzifəsini tutur. 75 yaşlı diplomat Qərblə münasibətlərin ən gərgin dövrlərində Putinin əsas diplomatik dayağı kimi olub.