Modern.az

“Tramp marşrutu” hansı ərazilərdən keçəcək? - DETALLAR

“Tramp marşrutu” hansı ərazilərdən keçəcək? - DETALLAR

Dünya

14 Noyabr 2025, 13:27

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu" (Zəngəzur dəhlizi) barədə bir sıra detalları açıqlayıb.

Modern.az-ın məlumatına görə, Paşinyan bildirib ki, adətən “Tramp dəhlizi” adlandırılan marşrut Azərbaycan ərazisindən Mehri vasitəsilə Naxçıvana, oradan isə Yerarsx qəsəbəsinə və daha sonra Türkiyə sərhədində yerləşən Axurik kəndinə doğru uzanmalıdır.

Paşinyan mətbuat konfransında qeyd edib ki, Ermənistan bu istiqamətdə işlərin bir hissəsini artıq başlayıb:

“Bizim bərpa etməli olduğumuz çox kiçik bir sahə qalıb və artıq bu işlərə başlamışıq”, - deyə o vurğulayıb.

Baş nazir, həmçinin Azərbaycanın Qars–Dilucu (Qars–Naxçıvan) dəmir yolunun tikintisinə başladığını diqqətə çatdırıb.

Paşinyanın sözlərinə görə, Vaşinqton Sülh Sammiti layihənin xərcini kəskin şəkildə azaltmağa imkan verir, çünki eyni marşrut Axurik–Yerarsx xətti üzrə də təmin edilə bilər:

“Təbii ki, biz bu istiqamətdə də işləyirik”, – deyə o bildirib.

O, bir daha ABŞ Prezidenti Donald Trampın prosesdəki rolunu xüsusi olaraq qeyd edib:

“Bəli, əvvəlki dövrdə Ermənistan–Azərbaycan sülh prosesi müsbət dinamika göstərirdi, amma ciddi çətinliklər də var idi. Razılığın əldə olunmasında prezident Trampın şəxsi iştirakı həlledici rol oynadı”.

Paşinyan prosesin vaxt cədvəlini də açıqlayıb:

İlin sonuna qədər – hüquqi məsələlərin tamamlanması və mətnin yekunlaşdırılması;

2026-cı ilin ilk yarısı – sazişdən irəli gələn qərarların qəbulu;

2026-cı ilin ikinci yarısı – tikinti işlərinə başlamaq.

Baş nazir bildirib ki, layihənin həyata keçirilməsinə heç bir maneə yoxdur, çünki bütün mübahisəli məqamlar Vaşinqton Bəyannaməsində öz əksini tapıb:

“Bizə yalnız əldə olunmuş razılaşmaları icra etmək qalır”, – Paşinyan belə deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!