ABŞ ordusunun Venesuelaya hərbi müdaxiləsi barədə xəbərlər fonunda ölkə prezidenti Nikolas Maduronun taleyi müzakirə edilir.
Modern.az-ın məlumatına görə, bu barədə "Politico" nəşri yazıb.
Tramp administrasiyasının bir qismi Maduro və onun ən yaxın komandası üçün təhlükəsiz çıxış koridoru yaratmaq ideyasını irəli sürür. Digər qrup isə tam əks mövqedədir, onlar Maduronun həbs edilməsini və ABŞ məhkəməsi qarşısına çıxarılmasını tələb edir.
Maduronun Türkiyə, Rusiya, Kuba və ya başqa ölkələrə sürgün edilməsi barədə müzakirələr aparılır.
Müzakirələr fonunda bir neçə ssenari gündəmdədir. ABŞ-ın müxtəlif qurumlarında - Dövlət Departamenti, Enerji Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Departamenti və Müdafiə Nazirliyində bu məsələ ilə bağlı koordinasiyalı danışıqlar aparılır. Mənbələrin bildirdiyinə görə, Maduroya amnistiya, ABŞ-ın onun başına qoyduğu mükafatın ləğvi və “rahat sürgün həyatı” təklif oluna bilər.
Müzakirə olunan ideyalardan biri də gələcək hakimiyyətin qorunması üçün üçüncü ölkələrdən özəl təhlükəsizlik şirkətlərinin cəlb edilməsidir.
ABŞ daxilində bəzi dairələr hesab edir ki, narkokartellərlə mübarizə adı altında göstərilən hərbi təzyiq Venesuelada siyasi çöküş yarada və Maduronun hakimiyyətdən getməsini sürətləndirə bilər.
"The Atlantic" jurnalının məlumatına görə, Maduro müəyyən şərtlərlə - amnistiya, mükafatın ləğvi və sürgün zəmanəti qarşılığında istefaya razıdır
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə Maduroya qarşı narkoticarətdə iştirak ittihamı irəli sürüb. 2025-ci ilin avqustunda isə onun tutulmasına görə verilən mükafat 15 milyon dollardan 50 milyon dollara qaldırılıb.
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə bəyan edib ki, “Maduronun prezidentliyi sona yaxınlaşır”.