Son illərdə dünyada tək yaşayan insanların sayı rekord həddə çatıb.
Modern.az xəbər verir ki, "The Economist" jurnalının araşdırmasına görə, 2010-cu ildən bəri dünyanın ən varlı 30 ölkəsindən 26-sında tənha yaşayanların payı yüksəlib.
Cəmi səkkiz il ərzində planetdə 100 milyondan çox insan həyatını tək davam etdirməyə başlayıb.
Bu dəyişimin ən nəzərəçarpan nümunələrindən biri ABŞ-dır. Ölkədə son 50 ildə partnyoru olmayan kişilərin sayı iki dəfə artaraq 50 faizə çatıb. Qadınlarda isə bu göstərici 41 faizdir. Mütəxəssislər bunun yalnız ailə institutuna deyil, bütövlükdə ABŞ-ın sosial və demoqrafik strukturuna təsir etdiyini bildirirlər.
Araşdırma tək yaşamağın arxasında duran səbəblərin çoxşaxəli olduğunu göstərir. Ən böyük dəyişikliklərdən biri qadınların həyat tərzi və gözləntiləri ilə bağlıdır. Təhsil səviyyəsinin yüksəlməsi, iqtisadi müstəqilliyin artması və sosial tələblərin fərqlənməsi münasibət qurmaq məsələsində yeni reallıq yaradıb.
Digər mühüm faktor gəlir və təhsil bərabərsizliyidir. Ali təhsili və stabil gəliri olmayan kişilər münasibət qurmaqda çətinlik çəkirlər. Qadınların maliyyə müstəqilliyinin güclənməsi isə onların tək yaşamağı daha rahat seçməsinə imkan verir.
Ekspertlər xəbərdarlıq edirlər ki, tənha insanların sayının bu qədər sürətlə artması gələcəkdə yalnız fərdi həyat tərzini deyil, ölkələrin demoqrafik artımını, iqtisadi inkişafını və sosial siyasətlərin istiqamətini də ciddi şəkildə dəyişdirə bilər. Urbanizasiyanın artması, təhsilin genişlənməsi və insanların daha müstəqil yaşamağa üstünlük verməsi bu tendensiyanı daha da gücləndirir.