Ukrayna müharibəsinə son qoyacaq sülh razılaşması “çox yaxın”dır və proses əsasən iki kritik məsələnin həllindən asılıdır: Donbas regionunun gələcəyi və Rusiya nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının statusu.
Modern.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.
Kelloq Ronald Reyqan Müdafiə Forumunda çıxış edərək deyib ki, münaqişəni həll etmək üzrə aparılan danışıqlar “son 10 metrə” daxil olub və ən çətin mərhələ məhz budur. Onun sözlərinə görə, Donbasın gələcəyi və Zaporojye AES-in yenidən işə salınmasının şərtləri müəyyənləşərsə, razılaşmanın digər hissələrində ciddi problem qalmayacaq.
Xüsusi nümayəndə qeyd edib ki, 2022-ci ilin fevralında başlayan işğal Avropanın II Dünya müharibəsindən sonrakı ən böyük və ən qanlı münaqişəsidir. Kelloqun sözlərinə görə, müharibə ümumilikdə iki milyondan çox insanın ölümü və yaralanması ilə nəticələnib.
Hazırda Rusiya Ukraynanın 19,2%-nə nəzarət edir, Krım yarımadası, bütün Luqansk, Donetsk vilayətinin böyük hissəsi, həmçinin Xerson və Zaporojye bölgələrinin böyük əraziləri Moskvanın nəzarəti altındadır.