Bu ilin 1 yanvarından etibarən Rusiya qoşunları Ukraynanın 4 669 kvadratkilometr ərazisini ələ keçirib.
Bu, ölkənin ümumi ərazisinin (603 628 kv. km) cəmi 0,77%-i deməkdir.
Modern.az xəbər verir ki, məlumatı ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) açıqlayıb.
2025-ci ildə irəliləyiş 2024-cü illə müqayisədə 22% çox olub, ötən il Rusiya ordusu 3 734 kv. km işğal edib.
Bu nisbətən sürətli irəliləyiş Kremlin böyük itkilər hesabına əldə etdiyi nəticədir. Ukrayna Baş Qərargahının məlumatına görə, təkcə 2025-ci ildə Rusiya ölüm və yaralılar daxil olmaqla 391 mindən çox hərbçi itirib. Bu, hər bir kvadratkilometr üçün 83-dən çox ölü və yaralı deməkdir.
ISW qeyd edir ki, Rusiya ordusunun hücum tempi “piyada addımından artıq deyil”. Bu vəziyyət son aylar daha fəal döyüşlərin getdiyi Qulyaypole və Pokrovsk istiqamətlərində də dəyişməyib. Analitiklər yaxın vaxtlarda hücum sürətinin artacağını gözləmirlər. Əsas səbəb Ukrayna dronlarının döyüş meydanında üstünlük qazanmasıdır. Dronlar ağır texnikadan istifadə edərək sürətli manevr imkanlarını məhdudlaşdırır və Rusiya qoşunlarını uzunmüddətli, itkilərlə müşayiət olunan piyada hücumlarına məcbur edir.
Mövzuya dair digər qiymətləndirmələr daha yüksək göstəricilər təqdim edir. AFP 2025-ci ildə Rusiyanın təxminən 5 400 kv. km əraziləri ələ keçirdiyini yazır.
Ümumilikdə Moskva Ukraynanın təqribən 20%-ni – 120 min kv. km-dən çox ərazini işğal edib.