İran və Ermənistanın elektroenergetika sahəsinin nümayəndələri 2026-cı ilin yay mövsümündə elektrik enerjisi idxalının artırılması məsələsini müzakirə ediblər.
Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, İrəvanda İran İslam Respublikası ilə Ermənistan Respublikası arasında elektrik şəbəkələrinin istismarı üzrə Birgə Komitənin 5-ci iclası keçirilib. İclasda İranın energetika nazirinin elektrik şəbəkəsi təsərrüfatının strateji məsələləri üzrə müavini, eləcə də Ermənistanın elektroenergetika sisteminin operatorunun baş direktoru Narek Apitonyan iştirak ediblər.
Görüş zamanı tərəflər iki ölkə arasında elektrik enerjisi mübadiləsi, İran–Ermənistan qaz–elektrik barter mexanizmi və bu sahədə formalaşmış ardıcıl əməkdaşlıq tarixini nəzərdən keçiriblər. Həmçinin mövcud texniki və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər müvafiq sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunur ki, İran İslam Respublikası və Ermənistan Respublikası uzun müddətdir elektrik enerjisi mübadiləsi, eləcə də qaz və elektrik enerjisinin qarşılıqlı dəyişdirilməsi sahəsində geniş əməkdaşlıq həyata keçirir.