Modern.az

Azərbaycan Qəzza Şurasına 1 milyard dollar ödəyəcək? – CAVAB BU YAZIDA

Azərbaycan Qəzza Şurasına 1 milyard dollar ödəyəcək? – CAVAB BU YAZIDA

Dünya

21 Yanvar 2026, 21:39

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi dəvət olunub. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, rəsmi Bakı bu dəvəti qəbul edib.

Layihə çərçivəsində dünyadan təxminən 60 ölkə lideri iştirak üçün dəvət alıb. Onlardan bir qismi Azərbaycan kimi Şuranın təsisçi üzvləri sırasında yer alacaq. Dəvət olunan ölkələr arasında Rusiya, Belarus, Macarıstan, İtaliya, Braziliya, Hindistan və Türkiyə də var. Şuraya ABŞ Prezidenti Donald Tramp sədrlik edəcək.

Sülh Şurasının əsas məqsədi Qəzza zolağının yenidən qurulması üçün beynəlxalq maliyyə vəsaitlərinin cəlb edilməsidir. Bu istiqamətdə Şura daxilində icra komitəsi və icra şurasının yaradılması planlaşdırılır. Bildirilir ki, bu strukturlarda ABŞ dövlət katibi Marko Rubio, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff da yer alacaq. Eyni zamanda Qəzza zolağının idarə olunması səlahiyyəti verilən Fələstin Milli İdarəetmə Komitəsi də Şuranın ümumi nəzarəti altında fəaliyyət göstərəcək.

Məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə və bəzi media resurslarında iddialar ortaya çıxıb ki, Azərbaycan Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ödəyəcək. Lakin bu iddia reallığı əks etdirmir.

Modern.az-ın apardığı araşdırmaya görə, 1 milyard dollarlıq ödəniş Şuraya üzv olan bütün ölkələr üçün nəzərdə tutulmayıb.

Bu məbləğ yalnız Şurada daimi üzvlük statusu əldə etmək və iştirak müddətini üç ildən daha uzun saxlamaq istəyən ölkələr üçün müəyyən edilib. Yəni, üzvlük modeli mərhələlidir və ölkələr iştirak müddətinə uyğun olaraq müxtəlif öhdəliklər götürür.

Üçillik iştirak formatında olan üzvlər üçün isə belə yüksək məbləğdə maliyyə ödənişi tələbi mövcud deyil. Bu ölkələr Şuranın fəaliyyətində iştirak edə, qərarların formalaşmasında rol ala və humanitar proseslərə töhfə verə bilərlər. Bundan əlavə, bəzi ölkələr üçün daha aşağı maliyyə töhfəsi mexanizmlərinin də nəzərdə tutulduğu bildirilir.

Beləliklə, “Azərbaycan 1 milyard dollar ödəyəcək” iddiaları ümumi qaydanın yanlış şərh edilməsindən qaynaqlanır. Azərbaycanın Şuraya təsisçi üzv kimi qoşulması avtomatik olaraq belə bir maliyyə öhdəliyi yaratmır.

Azərbaycanın Sülh Şurasına dəvət olunması ölkənin beynəlxalq humanitar təşəbbüslərdə və postmünaqişə dövrlərində bərpa proseslərində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Son illər bu sahədə formalaşan reputasiya Azərbaycanın qlobal platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasına töhfə verir.

Sevinc Məhərrəmova

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır